...

Müsəlman kinofestivalı Tatarıstanda keçiriləcək

Cəmiyyət Materials 18 İyul 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx.TrendLife Günel Əhmədova/Ənənəvi "Qızıl minbər" kino festivalı yenə start götürəcək. III beynəlxalq müsəlman kino festivalı bu dəfə Tatarıstanın paytaxtı Kazanda keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun TrendLife-a verdiyi məlumata görə, festival sentyabrın 10-17 tarixlərində keçiriləcək. Onun məlumatına görə, Azərbaycanla yanaşı həmin festivalda ABŞ, Fransa, Hollandiya, Meksika, İndoneziya, Malayziya, Hindistan, Misir, Fələstin, Qazaxıstan, İordaniya və başqa ölkələrdən olan filmlər nümayiş olunacaq.

Y.Şeyxov qeyd etdi ki, həmin festivalda Azərbaycan Mehriban Ələkbərzadənin Çingiz Abdullayevin əsəri əsasında ekranlaşdırdığı "Məhkumların cənnəti" filmi ilə təmsil olunacaq. Öyrəndik ki, "Qızıl minbər" heykəlciyinin sahiblərini italiyalı rejissor Menotti Buçço, İranın dövlət televiziya kanalının baş direktoru Hüseyn Razi, britaniyalı rejissor Ovidio Salazar, rusiyalı kinorejissor Vadim Abdarasitov və Azərbaycandan kinorejissor Oqtay Mirqasımov müəyyən edəcəklər.

Nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri əlavə etdi ki, festivalın müsabiqə proqramına 16 ölkənin 14 bədii, 16 sənədli və 5 cizgi filmi daxildir. 30-dək müxtəlif kinolenti isə müsabiqədən kənar nümayiş etdiriləcək. Y.Şeyxov bildirdi ki, festivalın adından asılı olmayaraq, orada təkcə müsəlmanlar deyil, xristian və başqa dinlərin nümayəndələri də təmsil olunacaqlar. Festival bu il "Dini dözümlülük və siyasi nəzakətlik" devizi altında keçiriləcək.

Qeyd edək ki, "Qızıl minbər" festivalının təsisçi və təşkilatçıları Rusiya münsiflər şurası, Rusiya mədəniyyət fondu, Rusiya federal mədəniyyət və kinematoqrafiya agentliyi, MDB və Baltiya kinematoqrafçılar ittifaqları Konfederasiyası (prezidenti Rüstəm İbrahimbəyovdur), Rusiya İslam Mədəniyyəti Mərkəzi, Tatarıstan Mədəniyyət Nazirliyi və Kazan meriyasdıır.

Y.Şeyxov qeyd etdi ki, ilk "Qızıl minbər" beynəlxalq kinofestivalı 2005-ci ilin sentyabrında keçirilir. Həmin festivalda birinci mükafata "Müsəlman" filminə görə Vladimir Xotinenko, qran-priyə isə Oqtay Mirqasımovun "Ovsunçu" filmi layiq görülmüşdü. Həmin il "Qızıl minbər"in münsiflər heyətinin üzvü olan Mədəniyyət və Turizm Nazirliyinin kino işləri idarəsinin rəisi Cəmil Fərəcov bu il festivala qonaq qismində qatılacaq.

Xəbər lenti

Xəbər lenti