...

Gələn həftə Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair razılıq əldə oluna bilər

Cəmiyyət Materials 20 İyul 2007 11:33 (UTC +04:00)
Gələn həftə Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair razılıq əldə oluna bilər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İyulun 22-24-də Bakıda Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair razılıq əldə olunması gözlənilir. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Xatırladaq ki, beynəlxalq təcrübəni əsas gətirərək Teleradio Şurası Azərbaycanda xarici telekanalların yerli tezliklərdə yayımının dayandırılmasına qərar verib. Bütün xarici kanallar yalnız kabel və peyk vasitəsilə yayımlanmalıdır. Bu qərara əsasən, ayrı-ayrı vaxtlarda Rusiyanın RTR, OTR, Türkiyənin "Kanal-D", STV kanallarının yayımının dayandırılmasına dair qərar çıxarılıb.

Teleradio Şurası sədrinin sözlərinə görə, Rusiyanın RTR kanalının Azərbaycanda yayımının müqabilində AzTV-nin də Rusiyada yayımı ilə bağlı danışıqlar davam etdirilir: "Nəticə ondan ibarətdir ki, iyulun 22-24-də Rusiyanın nümayəndə heyəti Azərbaycana gələcək və tərəflər arasında razılaşma layihəsi müzakirə ediləcək. Sonda yekun layihə qəbul olunacaq. Bu danışıqlar ona görə aparılır ki, qarşılıqlı yayım baş tutsun. Rusiya tərəfi hələlik bizə açıq şəkildə öz mövqeyini bildirməyib. Bildirəndə biz də öz fikrimizi deyəcəyik"-deyə Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi qarşılıqlı yayım zamanı bir sıra prinsipial məsələlərlə bağlı (ərazi bütövlüyü, dövlətin suverenliyi və s.) Azərbaycan tərəfinin qoyduğu şərtləri qəbul edib. Teleradio Şurasının qərarına görə, Azərbaycanla Rusiyanın birgə işçi qrupu bir ay müddətində müvafiq razılaşma əldə etməsə, RTR-in də yayımı dayandırılacaq.

Məhərrəmli onu da deyib ki, analoji danışıqlar Türkiyə tərəfi ilə aparılmır. Çünki buna ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti