...

"Əjdaha olmağımı hər kəs qəbul etməlidir"

Cəmiyyət Materials 23 İyul 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /müx.TrendLife Şahin Cavadsoy/Müğənni Nadir Qafarzadənin adı vaxtilə qalmaqallarda daha çox hallanırdı. Dediyinə görə, özü bunu istəmirmiş. Müğənni bildirir ki, hər kəs öz sənəti ilə populyarlaşsa, daha yaxşı olar: "Bu gün şou-biznesdə çox qalmaqallar yaşanır. Indiki şou-biznesdə hərc-mərcliklər olmasaydı, mədəniyyətimizin yüksəlməsi üçün kifayət qədər zəmin yaranaradı".

Bir müddət əvvəl rus şou-biznesinə qatılmaq istəyində olan və istəyinə çatmayan Nadir Qafarzadə, deyəsən, Bakıda əldə etdiyi birincilikdən olduqca məmnundur. "Qonaq otağı"mızda həmsöhbət olan zaman o, estradamızda problemlər olduğunu desə də, onları sadalamaqdan boyun qaçırdı:

- Estradada bu gün başqa sahələrdə olduğu kimi bir çox problemlər mövcuddur. Həmin problemlərin həlli yolunu tapmaq lazımdır. Hər kəs öz üzərində ciddi çalışsa, bu, yaranmış problemlərin müəyyən hissəsinin yoluna qoyulması deməkdir.

- Oxumağa başlayan gənclərə münasibətiniz müsbətdirmi?

- Bir çox gənc istedadlarımz var ki, onlar bu gün öz sözlərini deyə bilirlər. Amma elələri də var ki, onlar üzə çıxa bilmirlər. Bax, onlara kömək etməliyik. Adlarını sadalamaq istəməzdim. Çünki istedadlılar da, istedadsızlar da çoxdur. Sənəti olanlara uğurlar arzu edirəm.

- Bu gün ulduz bolluğu içərisində olan səhnə ilk dəfə sizi necə qəbul etdi?

- Ilk dəfə 1996-cı ildə Azərbaycan televiziyasında "Kəpənək" mahnısı ilə efirə çıxmışam. Heç yadımdan çıxmır, efirə çıxarkən hətta pencəyimi də özgədən almışdım. Öz arxivimdə həmin lent yazısını yadigar olaraq saxlamışam. Yaxşı yadımdadır, tünd qırmızı pencək idi, mən də arıq, kasıb oğlan idim. Bütün bu olanlar həyatımın yaşantılarıdır. Onları unuda bilərəmmi? Həyat mənə kifayət qədər zərbə vurub. Insan üçün ən çətin, dözülməz mənəvi əzab aclıqdırsa, mən onu da yaşamışam. Amma mənə yaxşılıq edən insanlar az olmayıb. Belə insanlar çoxdur. Mən yaxşı insanları, yaxşılıqları unutmuram. Bir də ki, əgər söhbət indiki müğənnilərdən gedirsə, əminliklə deyirəm, zirvədə özümə rəqib görmürəm. Yəni "Əjdaha" olmağımı hər kəs qəbul etməlidir.

- Keçmişə dönəndə nələr xatırlanır?

- Başıbəlalı insan olmuşam ömür boyu. Bəlkə də həyat yolumun cəmi bir-iki ilini xoşbəxt yaşamışam. Içim özümü yandırıb, çölüm özgəni. Acılarımla baş-başa qalmışam. Heç kimə dərdimdən pay verməmişəm. Bəlkə də Tanrım əzablı günlərlə sınağa çəkib məni, bilmirəm. Yəqin bilmək istəyib ki, dözərəmmi? Mənə verilən paya hazırammı?

- Kimdir sizin düşmənləriniz?

- Çətin sualdır. Düşmən heç vaxt özünü büruzə vermir. O, zərbəni arxadan vurur.

- Bəs dostunuz kimlərdir?

- Səhvlərini üzünə deyən adam sənin dostundur. Əyər-əskiyini gizlədib yalandan səni üzünə tərifləyən adam düşmənindir.

- Nadir, ailə həyatı quran zaman tale amansızlıq etmədi ki, sənə?

- Çətinliklərim çox olub. Hətta iki-üç gün ac qalan günlərimiz də olub. Bəzən evimizdə çörəkdən başqa yeməyə bir şey tapmamışıq. Ancaq həyat yoldaşım mənə hər zaman arxa, dəstək olub. Vəziyyət məni o qədər sıxırdı ki, nə edəcəyimi bilmirdim. Çarəsiz qalıb restoranlardan birinə qabyuyan düzəldim. Bir müddət ofisiant da işlədim. Səhərdən axşama qədər işləyib günə beş min manat pul alırdım. Səhərə yaxın evə dönür və elə paltardaca bir-iki saat gözümün acısını alıb işə qayıdırdım. Ağlıma belə gətirməzdim ki, nə vaxtsa ulduz olacağam. Bunu Tanrının yazısı hesab edirəm.

- Yaradıcılığını daim yeniləmək istəyin bir nömrəli olmağınla bağlıdır?

- Yeni mahnılar yazdırıram. Kliplər çəkdirirəm. Ən son çəkdirdiyim klip isə "Ana"mahnısınadır. Mahnının sözləri Cabir Novruzun, musiqisi Imruzə xanımındır. Lakin yenə durmadan fəaliyyətimi davam etdirirəm. Zənnimcə, müğənni bir yerdə qərar tutmamalıdır. Çünki zirvəni əldən vermək bir göz qırpımında olur. Şükürlər olsun ki, yerimdə möhkəməm və birinciliyi kimsə ilə paylaşmıram. Sadə bir misal çəkməyim lap yerinə düşər. Bu gün hamı bilir ki, bizdə yalnız toy biznesi çox inkişaf edib. Populyarlığından asılı olmayaraq, bütün sənətçilərimizi restoranlarda görmək olar. Ancaq neyləmək olar ki, pərəstişkar sarıdan bəxtim yaxşı gətirib. Tamaşaçılarım xeyir işlərində əsasən məni görmək istəyirlər. İnanın, tam səmimiyyətimlə söyləyirəm. Yaradıcılığımı zənginləşdirmək heç də bu istəklə bağlı deyil ki, məni toy-düyünlərə tez-tez çağırsınlar. Lakin fakt yenə fakt olaraq qalır ki, toylarda bir nömrəli olmaq yalnız mənim adımla bağlıdır.

- Birdən-birə belə start götürməyin nə ilə əlaqədardır?

- Mən hər bir mahnını tamaşaçıya klip şəklində təqdim etmək istəyirəm. Belə daha maraqlı olur. Özüm də mahnı dinləyərkən eyni zamanda klip seyr etməyi xoşlayıram.

- Belə demək olarmı ki, Nadir bundan sonra hər ay klip çəkdirəcək?!

- Hər ay da olmasa, iki aydan bir çəkdirəcəyəm. Təki Allah ruzu yetirsin.

- Nadir Qafarzadə unudulmaqdan qorxurmu?

- Həyatda unudulmaqdan qorxuram. Elə korifey sənətkarlar tanıyıram ki, indi onlar xatırlanmırlar. Sevinirəm, ona görə ki, xalq məni necə varamsa, elə də qəbul edib. Yəqin ki, bu məhəbbət həmişə qarşılıqlı olacaq.

- Bəlkə ardıcıl olaraq klip çəkilişlərin də unudulmaq qorxusundan irəli gəlir?!

- Xeyr, xeyr. Mənə elə gəlir ki, yaddaşlarda varam. Allahın köməkliyi ilə olacağam da. Klip çəkilişləri qəlbimdən gələn arzu və istəyimdir. Çəkdirdiyim kliplər heç də ucuz başa gəlməyib. Bunun üçün böyük bir komanda işləyir. Sanballı və səviyyəli bir iş təhvil vermək istəyirik tamaşaçılarımıza.

- Varlı adamsan, yoxsa səxavətli?

- Varlı adam deyiləm. Sadəcə Allahım mənə qəlbimin sadəliyinə, səmimiliyinə, səxavətimə görə ruzu yetirir. O ruzu ilə də bir neçə ailə dolandırıram. Ailəmi, prodüsserimi, sürücümü, modelyerimi, imicmeykerimi, stilistimi. Yaradıcılığıma da kifayət qədər vəsait xərclənir.

- Artıq populyarlıq qazanmısan. Maşının, evin var. Vaxtilə arzuladıqlarına çatmısan?

- Yox, inanın ki, bunları arzulamamışam. Şöhrətpərəst olmamışam. Bütün bunlar ağlıma da gəlmirdi. Düşünürəm ki, taleyin qisməti, Allahımın mənə olan sevgisi, məhəbbətidir. Bəlkə də Allahın bəndəsi qarşısına qoyduğu şərtlərə riayət etdiyimdən Tanrının mənə göndərdiyi bəxşişdir. Əminlikdə deyirəm ki, Qurban olduğum məni qoruyur. Kaş həmişə bu belə olaydı.

Xəbər lenti

Xəbər lenti