...

Telekanalların qarşılıqlı yayımı ilə bağlı Azərbaycan tərəfi texniki müqaviləni Rusiyaya təqdim edib

Cəmiyyət Materials 24 İyul 2007 11:24 (UTC +04:00)
Telekanalların qarşılıqlı yayımı ilə bağlı Azərbaycan tərəfi texniki müqaviləni Rusiyaya təqdim edib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı Azərbaycan tərəfi texniki müqaviləni hazırlayaraq qarşı tərəfə təqdim edib. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi texniki müqaviləni Moskvada keçiriləcək üçüncü görüş zamanı Azərbaycanın İşçi qrupuna təqdim edəcək. Cəbiyev bildirib ki, Azərbaycanın hazırladığı texniki müqavilədə Rusiyada yayımlanacaq Azərbaycan telekanalının əhatə dairəsi, hansı tezlikdə olması göstərilib. Texniki müqaviləyə Azərbaycanın maraqlarına cavab verəcək bütün müddəaların salındığını deyən MTRŞ üzvü onu da əlavə edib ki, Rusiyanın İşçi qrupunun üzvləri çərşənbə axşamı Moskvaya yola düşəcək.

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı hazırlanan "Azərbaycan və Rusiya hökumətləri arasında verilişlərin yayımına dair qaydalar və şərtlər haqqında" saziş layihəsi bazar ertəsi Bakıda keçirilən İşçi qrupların iclasında imzalanıb. Saziş layihəsi 11 maddədən ibarətdir.

Rusiya tərəfi texniki müqaviləni hazırlayandan sonra Azərbaycan nümayəndə heyəti Moskvaya gedəcək.

MTRŞ-nın yanvarda çıxarılan qərarına əsasən, iyulun 10-dan etibarən STV və ORT, RTR-in Azərbaycanda yerli tezliklərdə yayımı dayandırılmalı idi.

ORT-nin yayımı dayandırılsa da, İşçi qrupların görüşü davam etdiyindən, "RTR Planeta"nın yayımının daha bir ay davam etdirilməsi məqsədəuyğun hesab edilib. Avqustun 10-na kimi telekanalların qarşılıqlı yayımına dair tam razılıq əldə olunmasa, "RTR Planeta"nın Azərbaycanın milli tezliklərdə yayımı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti