...

Azərbaycanın sabiq səhiyyə nazirinin kassasiya şikayəti də təmin olunmadı

Cəmiyyət Materials 24 İyul 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə keçirilən hazırlıq iclasının qərarı qüvvədə saxlanılıb. Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə axşamı Trend ə bildirib ki, hazırlıq iclasının qərarından verilmiş kassasiya şikayəti təmin olunmayıb.

Keçən hazırlıq iclasında vəkillər sabiq səhiyyə naziri Əli İnsanov və digərləri barəsində cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsi, İnsanovun barəsindəki həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlər vermişdilər. Bu vəsatətlər təmin olunmamışdı. Hazırlıq iclasının bununla bağlı qərarının ləğv olunması üçün İnsanov və müdafiəçiləri hazırlıq iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Kassasiya şikayətinin verilməsi ilə əlaqədar hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb. Apellyasiya şikayətinə baxacaq hakim də dəyişdiriləcək. Belə ki, prosesə sədrlik etmiş Salman Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunmayıb.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti