...

Azərbaycanda həbsdə olan iki jurnalistin müdafiəsinə ilkin olaraq 1000 dollar qrant yardımı ayrılıb

Cəmiyyət Materials 25 İyul 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Mətbuat Azadlığı Komitəsi Qafqaz Media Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə böhtan maddəsi ilə həbsə alınmış azərbaycanlı jurnalistlər üçün Senzura əleyhinə Qrant Fondu təsis edib. Bu barədə çrəşənbə günü məlumat verən Qafqaz Media Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Orucov bildirib ki, Fondun vəsaiti "Müxalifət" qəzetinin redaktoru Rövşən Kəbirli və həmin qəzetin müxbiri Yaşar Ağazadənin hüquqlarının müdafiəsinə sərf olunacaq. Qeyd edək ki, bu il mayın 16-da Kəbirli və Ağazadə "Müxalifət" qəzetində millət vəkili, akademik Cəlal Əliyev haqqında nəşr olunmuş tənqidi məqaləyə görə böhtan madəsi ilə iki il yarım həbsə məhkum ediliblər.

Orucov bildirib ki, Fond jurnalistlərin hüquqi müdafiəsi üçün ilkin mərhələdə 1000 dollar pul ayırıb. Bu vəsait əsasən onların hüquqlarını müdafiə edən vəkillərə yönəldilməlidir. Amma müdafiə prosesinin gedişində digər vəkillərin də cəlb olunması nəzərdə tutulur. Buna görə də həmin vəkillərin maliyyələşməsi üçün Fonddan eyni məbləğdə əlavə vəsait ayrılacaq.

Orucovun sözlərinə görə, Dünya Mətbuat Azadlığı Komitəsinin əsas prinsipi ayırdığı qrant yardımının jurnalistlərin həbsdən azad olunmasına yönəldilməsidir. Ona görə də həbsdəki jurnalistlərin öz maddi ehtiyaclarını ödəmək, ailələrinə yardım göstərmək üçün başqa beynəlxalq fondlarla danışıqlar aparılır.

Orucov onu da deyib ki, Azərbaycanda həbsdə olan digər jurnalistlərin də müdafiəsinə yardımlar edilməsi üçün Dünya Mətbuat Azadlığı Komitəsinə müraciət etmək mümkündür. Amma bunun üçün jurnalistlərdən təşəbbüs gəlməlidir. Ondan sonra Qafqaz Media Tədqiqatlar Mərkəzi ona ünvanlanan bu müraciətləri tərəfdaşı olan beynəlxalq quruma göndərməlidir.

Xəbər lenti

Xəbər lenti