...

Azərbaycanın əməkdar artisti Faiq Ağayev: "Nadir dediyi sözlərə görə cavab verəcək"

Cəmiyyət Materials 26 İyul 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Hamıya məlumdur ki, telekanalların birində Nadir Qafarzadə və Faiq Ağayev qarşıdurması nəinki yerli şou-biznesdə, həmçinin cəmiyyətimizdə ajiotaja səbəb oldu. Göründüyü kimi, insanları daha çox məşhur müğənnilər arasında gedən davalar maraqlandırır. Nadirin fikrini oxucularımıza artıq bildirmişdik. İndi isə onun həmkarını dinləyək.

- Faiq, Nadirin canlı efirdə səsləndirdiklərindən sonra nə edəcəksiniz?

- O, hələ o səviyyəyə çatmayıb ki, mənim peşəkarlıq qabiliyyətimi qiymətləndirsin. Başqa dediklərinə görə isə cavab verəcək.

- Hansı sözlərə görə? O qədər söz deyib...

- İlk növbədə valideynlərimi təhqir etdiyinə görə. Guya mən cinayət yolu ilə dünyaya gəlmişəm. Mən bilmirəm bu sözlə nə demək istəyirdi. Tələb edirəm ki, dediyi bu sözə aydınlıq gətirsin. Nəinki aydınlıq, hətta üzr istəsin. İkincisi isə məni cinayətkar adlandıranda söylədi ki, mənə bir şey olsa, bütün məsuliyyəti özü çəkəcək.

- Amma o, zarafat da edə bilərdi...

- Əgər insan canlı efirdə nəsə deyirsə, dediklərinə görə məsuliyyət daşımalıdır. O deyir ki, Faiq əməkdar artist adını yaltaqlanmaqla alıb. Bu sözə görə cavab verməlidir. O başa düşmür ki, əgər mən bir dostun-yaxının toyunda təmənnasız oxuyuramsa, yaltaqlanmıram. Sadəcə, belə şeylər həmin insana hörmətdən irəli gəlir. Sabah sizin toyunuzda təmənnasız oxusam, yaltaqlanmış oluram sizə?

- Əlbəttə yox. Onda mən gərək şou-biznesin yarısı barədə belə fikirləşim. Siz artıq onu üçüncü bəndlə ittiham edirsiniz?

- Bəli. Bir daha təkrarlayıram. Yaradıcılığımla bağlı dediyi sözlər məni maraqlandırmır. Mənim valideynlərimi təhqir etdiyinə görə, ölkə prezidentinin verdiyi əmri şübhə altında qoyduğuna görə, məni cinayətkar adlandırdığına görə onu cavab verməyə məcbur edəcəm.

- Onu məhkəməyə verəcəksiniz?

- Yox. Bu, onun üçün reklam ola bilər. İnsanı başqa cür cəzalandırmaq olar.

Xəbər lenti

Xəbər lenti