...

Həbsdə olan Azərbaycan politoloqunun işi üzrə istintaq sentyabrın sonuna kimi başa çatacaq

Cəmiyyət Materials 27 İyul 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğluna qarşı irəli sürülən ittihamlar üzrə aparılan istintaq sentyabrın sonlarına qədər başa çatacaq. Bu barədə Trend ə Novruzoğlunun vəkili Tofiq Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, o, müdafiə etdiyi şəxslə gündəlik görüşür. Novruzoğlu saxlanma şəraitindən razıdır və səhhəti ilə bağlı hər hansı problem yoxdur. Allahverdiyev müdafiə etdiyi şəxsə irəli sürülən ittihamlar üzrə dindirmələrin aparıldığını deyib və Novruzoğlunun ittihamlarla razılaşmadığını bildirib.

Azərbaycan politoloquna qarşı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə iş qaldırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Novruzoğlu barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub. Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Politoloq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti