...

Tələbələrin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 30 İyul 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə dövlət qeydiyyatı ləğv olunan keçmiş Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin Təhsil Nazirliyinə qarşı qaldırdıqları iddia əsasında keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi avqustun 1-nə qədər təxirə salınıb. Bu barədə bazar ertəsi Bakıda MAU-nun keçmiş tələbəsi Hacı Ələsgərli məlumat verib.

Ələsgərli qeyd edib ki, məhkəmə prosesi başlayan kimi tələbələrin ötən məhkəmə prosesində qaldırdıqları vəsatətə münasibət bildirilib. Vəsatətdə tələbələr MAU-nun dövlət qeydiyyatı ləğv olunduqdan sonra bu təhsil müəssisəsindən dövlət və özəl ali məktəblərə köçürülən tələbələrin siyahısının alınmasını tələb edirdiər. Məhkəmə prosesində bildirilib ki, artıq Beynəlxalq və Kooperasiya universitetləri bununla bağlı sorğuya rəsmi cavab veriblər. Hər iki təhsil müəssisəsindən bildirilib ki, onlarda MAU-dan köçürülmüş tələbələr təhsil almırlar. Digər universitetlər isə sorğulara cavab verməyib.

Bundan sonra Təhsil Nazirliyinin nümayəndəsi Elmir Həsənov MAU-nun tələbələrlə bağladığı müqavilələrin sürətlərinin, tələbələrin təhsil müəssisəsinə daxil olması haqqında daxili əmrlərin sürətlərinin məhkəməyə təqdim olunması ilə bağlı vəsatət qaldırıb. Təhsil Nazirliyinin nümayəndəsi eyni zamanda MAU-nun 2004-2006-cı illərdə nə qədər vergi ödədiyini öyrənmək üçün Vergilər Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatətləri təmin edib və lazımı sənədlərin əldə olunması üçün prosesi təxirə salıb.

2006-cı ildə MAU-nun dövlət qeydiyyatı ləğv olunduqdan sonra başqa təhsil müəssisələrinə köçürülməyən 300 nəfər tələbə təhsil hüquqlarının bərpa olunmasını və onlara dəyən maddi və mənəvi ziyana görə 25 min yeni manat təzminat ödənilməsini tələb edirlər.

Xəbər lenti

Xəbər lenti