...

"Qarabağ", "Neftçi" və "Bakı" rəqiblərini gözləyir

İdman Materials 28 Mart 2012 18:01 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
"Qarabağ", "Neftçi" və "Bakı" rəqiblərini gözləyir

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, bu mərhələnin ilk cavab matçı Quzanlı qəsəbə stadionunda baş tutub. Yerli "Qarabağ" klubu "Qəbələ"ni qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.

Səfərdə rəqibi ilə 2:2 hesablı bərabərə qalan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə qazanıb.

Paytaxtın AZAL klubu isə öz meydanında "Bakı"nı qəbul edib. İlk görüşdə AZAL 1:3 hesabı ilə məğlub olmuşdu.

5-ci dəqiqədə "Bakı"nın heyətində Xavier Junior hesabı açıb. Matçın 45-ci dəqiqəsində AZAL azlıqda qalıb. Bununla belə, 52-ci dəqiqədə Orxan Səfiyaroğlunun qolu ilə hesab bərabərləşib (1:1). 85-ci dəqiqədə Xavier Juniorun dublu AZAL-ın yarımfinal ümidlərinə son qoyub (1:2).

Unibank Premyer Liqasının lideri olan "Neftçi" klubu Gəncədə keçirilən ilk görüşdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub etmişdi. Cavab görüşündə "Neftçi"ni heç-heçə də qane edirdi. Lakin gözlənilmədən ilk qol gəncəlilərdən gəlib. 33-cü dəqiqədə Yuri Fomenko fərqlənib.

49-cu dəqiqədə Bahadır Nəsimov hesaba tarazlıq gətirib. Gərgin keçən matçda 78-ci dəqiqədə Mirhüseyn Seyidov ("Neftçi") və Əli İsmayılov ("Kəpəz") qırmızı vərəqə alıblar. Matçın 1:1 başa çatması ilə "Neftçi" adını Azərbaycan kubokunun yarımfinalına yazdıra bilib.

Xəbər lenti

Xəbər lenti