...

Azərbaycan atleti Avropa çempionatının ən yaxşılarından biri oldu

İdman Materials 11 İyun 2012 13:17 (UTC +04:00)
2-9 iyun tarixləri arasında Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında 22-ci kişilər və 20-ci qadın Avropa çempionatı keçirilib.
Azərbaycan atleti Avropa çempionatının ən yaxşılarından biri oldu

Azərbaycan, Bakı, 11 iyun /Trend/

2-9 iyun tarixləri arasında Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında 22-ci kişilər və 20-ci qadın Avropa çempionatı keçirilib. 25 ölkədən 300-ə yaxın idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da iştirak edib. 4 nəfər qadın və 33 nəfər kişi idmançı ilə yarışa qatılan komandamız uğurlu çıxışı ilə yadda qalıb.

Trend Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, 14 qızıl, 9 gümüş və 3 bürünc medal əldə edən idmançılarımız, komanda hesabında yalnız Almaniya yığmasından geri qalıb. Üçüncü pilləni Rusiya milli komandası tutub.

Qeyd edək ki, Almaniya ilə Azərbaycanın xalı eyni - 221 xal idi. Ancaq Manone-Meltzer cədvəli ilə hesablamada rəqiblərimiz bizi çox cüzi fərqlə qabaqlayıb. Almaniya yığmasının hesabında 2940 xal var idisə, bizim hesabımızdakı rəqəm 2823 idi.

Qadınlarda komanda hesabında birinci yeri Danimarka millisi qazanıb. Bu komanda da Rusiya ilə eyni - 84 xal toplasa da, Manone-Meltzer cədvəli üzrə cüzi fərqlə irəli çıxa bilib. Danimarka 466,74 xal toplamışdısa, Rusiya 447,55 xal əldə etmişdi.

Sevindiricidir ki, milli komandamızın üzvlərindən biri - Tağıyev Zəfər M-1 yaş qrupunda bütün çəkilər üzrə mütləq qalib adını qazanıb. Birdən qaldırmada 112 kq, təkanla qaldırmada 145 kq, toplamda isə 257 kq nəticə nümayiş etdirən 39 yaşlı atletimiz Sinkleyr cədvəli üzrə 332,05 xal, Manone-Meltzer cədvəli üzrə isə 373,55 xal toplayıb. Bu rəqəm M-1 qrupunda çıxış edən bütün ağırlıqqaldıranlardan yaxşı olub.

Kişilər arasında bu Avropa çempionatının mütləq qalibi adını isə Lourens Makkonnell qazanıb. İrlandiyalı veteran ağır atlet Sinkleyr və Manone Meltzer cədvəlləri üzrə hesablamada bütün rəqiblərini arxada qoya bilib. M-7 qrupunda çıxış edən 67 yaşlı idmançı birdən qaldırmada 104 kq, təkanla qaldırmada isə 130 kq nəticə göstərib. Toplamda 234 kq-la o, Sinkleyr cədvəli üzrə 263,51, Manone-Meltzer üzrə 452,97 xal qazanıb. O, həm də veteranlar arasında 4 Avropa və 3 dünya rekordunu da yeniləyib.

Qadınlarda isə bu uğura danimarkalı Marqa Yorgensen nail olub. 56 yaşlı xanım atlet birdən qaldırmada 44 kq, təkanla qaldırmada 57 kq, toplamda isə 101 kq nəticə göstərib. Bu, Sinkleyr cədvəli üzrə 149,42, Manone-Meltzer cədvəli üzrə isə 211,73 xal deməkdir.

Maraqlıdır ki, yarışların ən yaşlı idmançısının 84 yaşı vardı. Almaniyalı Kurt Rozenberq körpücük üzərinə çıxaraq birdən qaldırma hərəkətində 38, təkanla qaldırmada isə 51 kq çəkini başı üzərinə qaldırmağı bacardı.

Ümumilikdə, veteranlar arasında kişilərdə 36 yeni rekord müəyyənləşdirildi ki, onlardan 18-i dünya, 18-i isə Avropa rekordudur. Qadınlarda isə cəmi 3 (1 dünya + 2 Avropa) rekord vuruldu. Hər üç rekordu danimarkalı Marqa Yorgensen müəyyənləşdirdi.

Xəbər lenti

Xəbər lenti