...

Azərbaycan taekvondoçuları Olimpiya Oyunlarına son hazırlıqların I mərhələsini başa vurublar

İdman Materials 13 İyun 2012 13:12 (UTC +04:00)
London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqların birinci mərhələsini başa vurublar.
Azərbaycan taekvondoçuları Olimpiya Oyunlarına son hazırlıqların I mərhələsini başa vurublar

Azərbaycan, Bakı, 13 iyun /Trend/

London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqların birinci mərhələsini başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi altında Koreya respublikasında təlim-məşqlərdə olimpiada iştirakçıları Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq), Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq), eləcə də Olimpiya komandasının baş məşqçisi Conq Conqbay, qadın idmançıları çalışdıran Sun Mi Park və məşqçi Elnur Amanov iştirak ediblər.

Seul, Yongin, Suvon və digər şəhərlərin universitet və komandaları, həmçinin Avstraliya, Yeni Zelandiya, İran, Tacikistanın Olimpiadaya hazırlaşan taekvondoçuları, İngiltərəli idmançılarla birgə hazırlıqlar və yoxlama görüşləri istənilən nəicəni verib. Artıq Vətənə dönən olimpiya seçmə komandası hazırlığın son hissəsini Qəbələdə davam etdirəcək.

Qeyd edək ki, iyunun 9-da Dünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı keçirilib. Çin Xalq Respublikasının Sujou şəhərində toplantıda WTF İcariyyə Komitəsinin üzvü, Avropa Taekvondo Birliyinin (ETU) vitse-prezidenti Füzuli Musayev, məsul yarışlarda hakimlərin səhvlərinin yolverilməz olduğunu xüsusi qeyd edib və bir sıra məsələlərlə bağlı tövsiyyələrini çatdırıb.

Yığıncaqda həmçinin qarşıdakı digər yarışların təqvimi təsdiqlənib. Belə ki, Parataekvondo üzrə Dünya Kubokunun 22 noyabr 2013-cü il tarixində Arubanın paytaxtı Santa-Kruzda, böyüklər arasında Dünya çempionatının 3-9 iyun 2013-cü il tarixində Meksikanın Puebla şəhərində, Dünya Kubokunun isə 27-30 mart 2013-cü il tarixində Seneqalın paytaxtı Dakarda, eləcə də Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xüsusiyyətli Dünya çempionatının Çin Taypeyinin Taypey şəhərində, Pumsü üzrə dünya çempionatının Kolumbiyanın Medelin şəhərində keçiriləcəyi diqqətə çatdırılıb.

Bundan başqa, WTF Icraiyyə Komitəsinin növbədənkənar yığıncağında Olimpiada ilə bağlı təkliflər və perspektivlər, gələcək planlar və strategiya, həmçinin təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti