...

Elxan Məmmədov: DÇ-nin keçirilməsi ilə Azərbaycan böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdi

İdman Materials 15 Oktyabr 2012 14:46 (UTC +04:00)
Əminliklə demək olar ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu.
Elxan Məmmədov: DÇ-nin keçirilməsi ilə Azərbaycan böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdi

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Əminliklə demək olar ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu. Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Assosiasiyanın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatının yekunları ilə bağlı bildirib.

"Dünya çempionatının təşkilinə ilk gündən böyük dəstək vermiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AFFA və Yerli Təşkilat Komitəsi adından dərin minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, çempionatın yüksək səviyyədə təşkili ilə bağlı dövlət başçısı tərəfindən bir neçə sərəncam imzalandı və həmin sərəncamlardan irəli gələn məsələlərin həlli üçün dövlət strukturları böyük səylə çalışaraq mundialın keçirilməsinə töhfələrini verdilər", - Məmmədov deyib.

Baş katib xatırladıb ki, turnirdə iştirak etmiş bütün komandalar üçün xüsusi qarşılanma tədbirləri keçirildi və qonaqların hamısı Azərbaycandakı qonaqpərvərlikdən son dərəcə razı qaldılar.

"Artıq iştirakçı komandaların hamısı doğma ölkələrinə qayıdıblar və inanırıq ki, Azərbaycanla bağlı xoş xatirələri uzun müddət yaddan çıxarmayacaqlar. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində Respublika Prezidenti cənab İlham Əliyev və FIFA-nın prezidenti cənab Yozef Blatter iştirak etdi. Turnirin gedişi ərzində FIFA-nın vitse-prezidentləri, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri, müxtəlif milli futbol assosiasiyalarının prezidentləri ölkəmizə səfər etdilər və bütün qonaqlar dünya çempionatının təşkilati işləri ilə bağlı müsbət fikirlər səsləndirdilər. Final qarşılaşmasında və mükafatlandırma mərasimində dövlət başçısı cənab İlham Əliyevin və UEFA-nın prezidenti cənab Mişel Platininin iştirakı hər birimizi son dərəcə sevindirdi", - Məmmədov bildirib.

Onun sözlərinə görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin tender sənədləri FIFA-ya təqdim olunduğu zaman AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanda təşkil olunacaq dünya çempionatı indiyə qədər qadınlar arasında keçirilmiş ən yaxşı dünya çempionatı olacaq.

"Artıq FIFA Təşkilat Komitəsinin rəhbərliyi bu fikri təsdiqləyərək qeyd edib ki, Azərbaycanda keçirilmiş qadınlararası dünya çempionatı indiyə qədər təşkil olunmuş ən yaxşı mundialdır. Dünya çempionatı davam etdiyi müddətdə azarkeşlər futbol həyəcanı yaşamaqla bərabər, tanınmış incəsənət xadimlərinin də canlı çıxışlarını izləmək fürsəti əldə etdilər. Açılış oyununda dünya şöhrətli pop ulduz Cennifer Lopez, turnirin Fan Zona-sında təşkil olunmuş ilk konsertdə məşhur müğənni Okeana, final qarşılaşmasından sonra milyonların sevimlisi Şakira canlı performansı ilə azarkeşlərə unudulmaz anlar yaşatdılar. Əlbəttə, bütün bunlar ümumilikdə böyük futbol bayramının bir hissəsi idi", - Məmmədiv qeyd edib.

Baş katib bildirib ki, Azərbaycanda keçirilən dünya çempionatının oyunları 21 gün ərzində dünyanın 165 müxtəlif bölgəsində canlı yayımlandı. Bu, ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir.

"Turnirin təşkilində 1000 nəfərə yaxın könüllü iştirak etdi. Çempionatın keçirilməsində yardımını əsirgəməyən könüllülərin hər birinə minnətdarlığımı bildirirəm. Sevindirici məqamlardan biri çempionat dövründə sanki təbiətin də bizimlə həmrəy olmasıdır. Turnirin davam etdiyi 21 gün ərzində iqlim şərtləri, hava şəraiti ilə bağlı heç bir çətinliklə, təbiətin şıltaqlığı ilə üzləşmədik", - o deyib.

Məmmədov bildirib ki, DÇ-nin keçirilməsi ilə Azərbaycan böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdi.

"İnfrastrukturla bağlı irəliyə doğru iri addımlar atıldı. 8 KM stadionu, Bayıl stadionu inşa olundu, "Şəfa" stadionunda əsaslı təmir işləri aparıldı, "Bakı" Futbol Klubunun təlim-məşq bazasında standartlara cavab verən 3 məşq meydançası salındı. Bunlardan öncə isə "Dalğa Arena" tikilərək istifadəyə verilmişdi. Ən əsası isə, beynəlxalq futbol qurumlarına və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı var və biz bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq", - baş katib qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti