...

Azərbaycan Dünya Kuboku yarışlarında 20-yə yaxın güləşçi ilə təmsil olunacaq

İdman Materials 15 Fevral 2013 15:07 (UTC +04:00)
19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə, 21-22 fevral 2013-cü il tarixdə isə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan Dünya Kuboku yarışlarında 20-yə yaxın güləşçi ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 15 fevral /Trend/

19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə, 21-22 fevral 2013-cü il tarixdə isə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edəcəklər.

Azərbaycan yunan-Roma güləşi komandasının heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov, Sakit Cəlilov (hər ikisi 60 kq), Rəsul Çunayev (66 kq), Şamil Ertuqanov, Niyaməddin İbrahimov (hər ikisi 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze, Saman Təhmasibi (hər ikisi 96 kq) və Radomir Petkoviçin (120 kq) yer alması planlaşdırılıb. Güləşçilərimiz yarışda böyük məşqçi Nasir Burbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin rəhbərliyi altında iştirak edəcək.

Sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında isə Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcəklər.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Tehrana Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Dzebişovun (hər ikisi 120 kq) yollanması planlaşdırılır.

Beynəlxalq dərəcəli hakim İntiqam Alıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Yarışın proqramına əsasən, fevralın 18-də yunan-Roma güləşi üzrə, fevralın 20-də isə sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti