...

Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən turnirdən 3 qızıl və 2 bürünc medalla qayıdıblar

İdman Materials 17 Fevral 2013 23:31 (UTC +04:00)
Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnir başa çatıb.
Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən turnirdən 3 qızıl və 2 bürünc medalla qayıdıblar

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnir başa çatıb. Yalnız qadın güləşçilərimizin iştirak etdiyi turnirdə komandamız ümumilikdə 3 qızıl, 2 bürünc medal qazanıb. Bu barədə Trend-ə Azərbaycan güləş federasiyasından məlumat verilib.

51 kq-dakı təmsilçilərimizdən Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və turnirin baş mükafatını qazanıb. O, ardıcıl olaraq bolqar, rumın və türkiyəli güləşçiləri məğlub edib.

55 kq çəki dərəcəsində Yarina Dubovska ilk görüşdə yerli bolqar güləşçi üzərində qələbə qazanıb. Daha sonra Rumıniya və Moldova güləşçiləri ilə qarşılaşmadan da qalib ayrılan təmsilçimiz turnirin qızıl medalına sahib olub.

59 kq çəkidə mübarizə aparan İrina Netreba ardıcıl olaraq belarus, rus və finalda bolqar güləşçi ilə görüşdən qalib ayrılıb və turnirin qızıl medalını qazanıb. Bu çəkidə digər təmsilçimiz Alyona Kolesnik isə bürünc medala sahib olub. Daha bir bürünc medalı 63 kq-da Anna Belyayeva yığmamıza qazandırıb.

67 kq-da təmsilçimiz Natalya Palamarçuk və 72 kq-da mübarizə aparan Səbirə Əliyeva bürünc medal görüşündə uduzub və 5-ci yerlə kifayətləniblər.

Beləliklə, baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnirdə iştirak edən yığmamız 3 qızıl və 2 bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti