Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/
I Avropa Olimpiya Oyunlarının təşkili üçün hazırda işçi qrupu formalaşdırılır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkili üçün xaricdən mütəxəssislər də dəvət olunub.
"Çünki sahələr çox müxtəlifdir. Bəzi sahələr var ki, böyük təcrübə tələb edir. Ona görə də London, Afina, Vankuver, Soçi Olimpiya oyunlarını təşkil edən insanlar və mütəxəssislər dəvət olunurlar. Bu komanda bu yaxınlarda Bakıda olacaq və fəaliyyətə başlayacaq", - Rəhimov qeyd edib.
Nazir bildirib ki, hazırda Avropa Oyunlarında yarışların keçiriləcəyi idman növlərinin siyahısının təsdiqi gözlənilir.
"Düşünürəm ki, I Avropa Oyunlarında yarışlar 17-18 idman növü üzrə keçiriləcək. Onlardan 2-si qeyri-olimpiya, qalanı olimpiya idman növləridir", - Rəhimov deyib.