...

Azərbaycan ilə Kamerun idman sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb

İdman Materials 1 Mart 2013 12:41 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsi ilə Kamerun Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycan ilə Kamerun idman sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Olimpiya Komitəsi ilə Kamerun Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, müqaviləni Azərbaycan tərəfdən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Kamerun tərəfindən isə Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum tərəfindən imzalanıb.

2013-2016-cı illəri əhatə edəcək müqavilə qarşılıqlı maraq doğuran sahələrdə idmanın inkişafına dair strategiyaların və Olimpiya hərəkatına dair bütün sahələrdə davamlı əməkdaşlığın yaradılması ilə bağlı məsələləri əhatə edir. Həmçinin müqaviləyə hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi və idman rəhbərləri, tədbir təşkilatçıları və s. üçün təlim proqramlarının təşkili daxilidir. Tərəflər gələcəkdə idman hərəkatına tətbiq olunacaq elmi-tədqiqat sahəsində də əməkdaşlığın gücləndirilməsinə razılaşıb.

Çingiz Hüseynzadə müqavilənin iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildirib. O qeyd edib ki, artıq bundan sonra hər iki ölkənin Olimpiya komitələri bir-biri ilə əlaqə saxlayacaq və bir-birilərinin imkanlarından istifadə edəcək, təcrübələrindən yararlanacaqlar.

Hamad Kalkaba Malbum yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək müqavilənin Kamerunun idman sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, Azərbaycanın London Yay Olimpiya oyunlarında qazandığı uğurları bu ölkədə idmanın inkişafının göstəricisidir və bu baxımdan, Azərbaycanın idman sahəsində təcrübəsi Kamerunda idmanın inkişafına mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti