...

"Tour d'Azerbaidjan 2013" beynəlxalq velosiped turunun təqdimatı keçirilib (FOTO)

İdman Materials 29 Mart 2013 15:19 (UTC +04:00)
Bu gün Bakıda 1-5 may 2013-cü il tarixlərdə ölkəmizdə keçiriləcək "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun təqdimatı olub.
"Tour d'Azerbaidjan 2013" beynəlxalq velosiped turunun təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda 1-5 may 2013-cü il tarixlərdə ölkəmizdə keçiriləcək "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun təqdimatı olub.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov bildirib ki, "Tour d'Azerbaidjan" - Azərbaycanın paytaxtı Bakı şəhərində start götürəcək və ölkənin yeddi rayonunun ərazisində keçiriləcək "UCI Europe Tour" çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür.

O, qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar velosiped idmanının inkişafına da böyük təkan verilib.

Ələkbərov bu istiqamətdə görülən işlər barədə məlumat verib, 2012-ci ilin may ayında Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş U23 kateqoriyalı beynəlxalq velosiped turu, ilk milli velosiped komandası olan "Synergy Baku Cycling Project"in yaradılmasından keçən qısa müddət ərzində qazanılmış nailiyyətlər, velotrekdə və yeni yaradılan velosiped parkında aparılan yenidənqurma və abadlıq işlərindən danışıb.

Sonra Ələkbərov velotur barədə məlumat verərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə təşkil olunduğunu, turun açılışının və iştirakçı komandaların təqdimatının aprel ayının 30-da Dənizkənarı Milli Parkda keçiriləcəyini bildirib.

Turun təşkilat komitəsinin üzvü, Almaniyanın "Freunde event Logistic GmBH" şirkətinin direktoru Albrext Röeder veloturun marşrutları barədə məlumat verib.

O, qeyd edib ki, yarışın 1-ci mərhələsi may ayının 1-də Heydər Əliyev Mərkəzinin yanından start götürərək ümummilli liderin adını daşıyan mərkəzi prospektlə metronun "Koroğlu" stansiyası arasında 11 dəfə dövrə vurulduqdan sonra Heydər Əliyev Mərkəzinin yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 km-dir.

Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcək və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. May ayının 3-də yarış iştirakçıları Qəbələ şəhərindən start götürərək, Oğuz rayonundan keçməklə Şəki şəhərinə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kilometr) qayıdacaqlar.

May ayının 4-də tur iştirakçıları Qəbələdən start götürərək, İsmayıllı rayonundan keçməklə Şamaxı şəhərinə yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət edib dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

146 kilometr uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakı şəhərinin mərkəzi küçələri və prospektlərindən keçərək Hökumət evinin qarşısında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti