...

Azərbaycan və Braziliya arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

İdman Materials 25 Aprel 2013 18:45 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasında rəsmi səfərdədir.
Azərbaycan və Braziliya arasında idman sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasında rəsmi səfərdədir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirib. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatına könüllülərin hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub. Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sonra Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüş keçirib. Görüş zamanı nazir Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verib və iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmin gün nazir "TV Brasil" kanalına müsahibə verib. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən nazir bu ilin may ayında Bakıda kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə edib. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları barədə danışan Azad Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.

Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə də görüşüb. Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirib. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın gənclər və idman naziri, həmçinin Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin prezidenti deputat Nelson Pelleqrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlərdə Azərbaycan Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak edib.

Nazir Azad Rəhimovun Braziliya səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti