...

Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır (FOTO)

İdman Materials 29 Aprel 2013 21:54 (UTC +04:00)
İspaniyanın Madrid şəhərində Santiaqo Bernabeo stadionunda Azərbaycan Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (Fundación Real Madrid) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İspaniyanın Madrid şəhərində Santiaqo Bernabeo stadionunda Azərbaycan Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (Fundación Real Madrid) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-2017-ci illəri əhatə edən bu əməkdaşlığın əsas məqsədi "Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" adlı sosial layihə çərçivəsində Azərbaycanda sosial futbol məktəbinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

İmzalama mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, "İnkişaf Naminə İdman" İctimai Birliyinin sədri Mehman Kərimov, Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev, İspaniya tərəfdən Real Madrid Fondunun icraçı vitse-prezidenti Enrike Sançez, Fondun baş direktoru Xulio Qonzales Ronko, beynəlxalq əlaqələr üzrə məsul şəxs xanım Rosa Ronkal, həmçinin digər qonaqlar və çoxsaylı media mənsubları iştirak ediblər.

Enrike Sançez Real Madrid Fondunun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışıb. Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının Real Madrid Fondu üçün şərəf olduğunu vurğulayan Sançez sosial futbol məktəbinin işinə uğurlar arzulayıb.

Sonra çıxış edən nazir müavini İsmayıl İsmayılov Azərbaycan hökumətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb, bu əməkdaşlığı futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirib. İsmayılovun sözlərinə görə, Real Madrid Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək üzrə treninq və seminarlar təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti