...

Bədii gimnastika üzrə XX Azərbaycan birinciliyinin qalibləri müəyyən edilib (FOTO)

İdman Materials 25 İyun 2013 21:50 (UTC +04:00)
Bakıda, "Sərhədçi" İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XX Azərbaycan birinciliyinin qalibləri müəyyən edilib.
Bədii gimnastika üzrə XX Azərbaycan birinciliyinin qalibləri müəyyən edilib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bakıda, "Sərhədçi" İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XX Azərbaycan birinciliyinin qalibləri müəyyən edilib.

Trend-in məlumatına görə, seniorlar arasında 1-ci yeri Marina Durunda, 2-ci yeri Lalə Yusifova, 3-cü yeri isə Yekaterina Prokopenko qazanıb.

Yuniyorlar arasında isə 1-ci yeri Jalə Piriyeva, 2-ci yeri Veronika Ömərova, 3-cü yeri Züleyxa İsmayılova əldə edib.

5 halqa ilə qrup hərəkətləri üzrə komandalar arasında 1-ci yeri "Spartak" klubu, ikinci yeri "Sərhədçi" İdman Cəmiyyəti, 3-cü yeri isə "Neftçi" Gimnastika Məktəbi tutub.

5 topla qrup hərəkətləri üzrə komandalar arasında 1-ci yeri "Sərhədçi" İdman Cəmiyyəti, 2-ci yeri Bakı Gimnastika Məktəbi, 3-cü yeri isə "Neftçi" komandası qazanıb.

Məlumat üçün bildirək ki, 2001-2002-ci il təvəllüdlü gimnastların çıxışlarının nəticələrinə görə, 1-ci yeri Leyli İbrahimova ("Spartak"), 2-ci yeri Natali Quliyeva (Respublika kompleks idman məktəbi), 3-cü yeri isə İlahə Məmmədova (Bakı Gimnastika Məktəbi) əldə edib.

2003-cü il təvəllüdlü gimnastların yarışının qalibi Aydan Ağayeva olub. 2-ci və 3-cü yerləri isə Emiliya Nurəliyeva və Ləman Hüseynova tutub. Hər üç gimnast "Spartak" idman cəmiyyətinin yetirmələridir.

2004-cü il təvəllüdlü gimnastların çıxışlarının nəticələrinə görə, 1-ci yeri Nərminə Səmədova (Respublika kompleks idman məktəbi), 2-ci yeri Arzu Cəlilova ("Neftçi"), 3-cü yeri isə Zərniyar Əliyeva ("Neftçi") qazanıb.

2005-ci il təvəllüdlü gimnastların yarışının qalibi isə Rəhiməxanım Aslanlı (Bakı Gimnastika Məktəbi) olub. 2-ci və 3-cü yerləri isə Asiman Orduxanova (Qusar) və Elnarə Cabbarova (Bakı Gimnastika Məktəbi) tutub.

Qeyd edək ki, yarışlarda 131 fərdi gimnast iştirak edib. Onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünüblər.

Eyni gündə, həmçinin, Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr olunmuş qala-konsert keçirilib.

Tədbirdə Aliyə Qarayevaya hədiyyələr təqdim olunub.

Bununla yanaşı, Aliyə Qarayeva Gənclər və İdman Nazirliyi tərəfindən "Əməkdar idman ustası" adına layiq görülüb. Qaydalara uyğun olaraq, Aliyə Qarayeva öz idman geyimini gənc idmançı Ləman Hacızadəyə təqdim edib.

Aliyə Qarayevanı təbrik edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov onun Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb.

Həsənov qeyd edib ki, Aliyə Qarayeva bir çox mükafatlar qazanaraq Azərbaycan idmanına uğurlar gətirib.

"Aliyə Qarayeva həmişə öz azarkeşlərini ruhlandırıb" - deyən Həsənov idmançıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Aliyə Qarayeva da öz növbəsində gimnastika idman növünə göstərilən diqqət və qayğıya görə, başda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva olmaqla, Azərbaycan Gimnastika Federasiyasına öz minnətdarlığını bildirib.

Yarışın rəsmi bağlanışını elan edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İsmayılov bir qrup idmançıya idman ustası kitabçalarını da təqdim edib.

Həmçinin, mükafatlandırma zamanı "Bakond" şirkəti Avropa çempionatında ikinci yeri qazanmış Azərbaycan gimnastlarına qiymətli hədiyyələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti