...

Azərbaycanın gənc karateçiləri Avropa çempionatında iki medal qazanıblar

İdman Materials 11 Fevral 2014 16:34 (UTC +04:00)
Portuqaliyanın paytaxtı Lissabonda yeniyetmə və gənc karateçilərin növbəti Avropa çempionatında iştirak edən idmançılarımız artıq Vətənə dönüblər.
Azərbaycanın gənc karateçiləri Avropa çempionatında iki medal qazanıblar

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Portuqaliyanın paytaxtı Lissabonda yeniyetmə və gənc karateçilərin növbəti Avropa çempionatında iştirak edən idmançılarımız artıq Vətənə dönüblər.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, perspektivli karateçilərimiz yarışda iki dəfə Azərbaycan bayrağını dalğalandırıblar. 16-17 yaşlı gənclər arasında Ülvi Qurbanov gümüş medala, Hüseyn Əliyev isə (-61 kq) bürünc mükafata sahib olublar. Bu idmançılar həmin gün AMKF-nin baş sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən pul mükafatları ilə təltif ediliblər.

Mötəbər yarış ərəfəsində Azərbaycan Milli Karate Federasiyası və Avropa Karate Federasiyasının (EKF) rəhbərliyi arasında görüş keçirilib. AMKF-nin prezidenti Yaşar Bəşirov və l vitse-prezident İlham Qasımzadə, WKF və EKF prezidenti Antonio Espinoz, baş katib Stepan Çelan və təşkilat komitəsinin sədri Esteban Perez görüşdə Azərbaycanda idman karatesinin inkişafı və perspektivlərini müzakirə ediblər. "Bakı 2015" l Avropa Oyunlarında karate yarışları barədə ətraflı söhbət aparılıb, Azərbaycan idmançılarının qarşıdakı bu mötəbər yarışda favoritlərdən olduğu qeyd edilib.

İlk Avropa Oyunları ilə əlaqədar Bakıda iki dəfə səfərdə olan A.Espinoz, baş katib S.Çelan və təşkilat komitəsinin sədri E.Perez qarşıdakı aylarda növbəti dəfə paytaxtımıza gəlmək niyyətindədirlər. Səfərin tarixi yaxın günlərdə məlum olacaq. Qonaqların bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.

A.Espinoz Azərbaycanda idman karatesinin inkişafına ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət göstərməsindən xüsusi razılıq edib. WKF prezidenti, həmçinin idmançılarımıza dəstək verən AMKF-in baş sponsoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti