...

Avropa çempionatında daha iki güləşçimiz medallara namizəddir

İdman Materials 2 Aprel 2014 16:01 (UTC +04:00)
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıblar.
Avropa çempionatında daha iki güləşçimiz medallara namizəddir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıblar.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabı ilə öndə olsa da, rəqibin əks fəndi ilə məğlub olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz çempionatı medalsız tamamlayıb.

61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabı ilə üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 hesabı ilə öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olacaq.

Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniyadan Anna Paval olacaq.

60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabı ilə məğlub edib, lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) uduzub (4:8) və mübarizəni dayandırıb.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, çempionatın ilk günündə 97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov və 58 kq-da mübarizə aparan İrina Netreba gümüş, Mariya Stadnik (48 kq) isə qızıl medal qazanıblar. Bununla da M.Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti