...

Təşkilat Komitəsinin sədri: "Shamkir Chess 2014" turniri yüksək səviyyədə keçəcək

İdman Materials 20 Aprel 2014 10:00 (UTC +04:00)
"Shamkir Chess 2014" turnirinin keçirilməsinə əsas səbəb Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vaxtsız vəfatı oldu. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yarışın Təşkilat Komitəsinin sədri, "Synergy Group"da Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov deyib.
Təşkilat Komitəsinin sədri: "Shamkir Chess 2014" turniri yüksək səviyyədə keçəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"Shamkir Chess 2014" turnirinin keçirilməsinə əsas səbəb Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vaxtsız vəfatı oldu. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yarışın Təşkilat Komitəsinin sədri, "Synergy Group"da Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov deyib.

Təşkilat Komitəsinin sədri bildirib: "Biz bu yarışı keçirməyi özümüzə borc bildik və mötəbər yarışı Vüqar Həşimovun xatirəsinə həsr etdik. Ümid edirəm ki, turnir yüksək səviyyədə keçəcək. Şəmkirə gələn bütün şahmatçılara təşəkkür edirəm".

F.Cabbarov şahmat tacının sahibi, dünya çempionu Maqnus Karlsenin turnirdə iştirakı barədə də məlumat verib: "Maqnus Karlsen böyük həvəslə "Shamkir Chess 2014"-də iştirak etməyə razılaşdı və bununla Vüqar Həşimovun xatirəsini yad etdi. Biz istəyirik ki, turnir ənənəvi xarakter daşısın və bunun üçün işlər görülür. Bu mötəbər turnir "Synergy Group"un şahmatda ilk addımıdır. Gələcəkdə də Azərbaycanda şahmat turnirlərinin keçirilməsini diqqətdə saxlayacağıq".

Qeyd edək ki, aprelin 20-də Şəmkirdə Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə start veriləcək. "Synergy Group"un təşkilatçılığı ilə baş tutan nüfuzlu yarışa ulduz şahmatçılar - hazırkı dünya çempionu Maqnus Karlsen, beynəlxalq reytinq siyahısında üst pillələrdə olan Fabiano Karuana, Hikaru Nakamura, Sergey Karyakin, o cümlədən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qatılacaq.

"A" kateqoriyalı turnirin mükafat fondu 100 min avro təşkil edir. 30 min avroluq mükafat fonduna malik "B" turnirinə isə 10 şahmatçı qatılacaq. Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group"un təşkil etdiyi mötəbər yarış 10 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti