...

Saymon Kleq ilk Avropa Oyunları Əməliyyat Komitəsində yüksək vəzifəyə təyin edilib

İdman Materials 28 Aprel 2014 13:49 (UTC +04:00)
Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru Saymon Kleq bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Saymon Kleq ilk Avropa Oyunları Əməliyyat Komitəsində yüksək vəzifəyə təyin edilib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru Saymon Kleq bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Trend-in məlumatına görə, o, bu vəzifəyə baş icraçı direktor Cim Şerr vəzifəsindən getdikdən sonra təyin olunmuşdur.

Avropanın ilk çoxnövlü idman tədbirində Avropa Olimpiya Komitələrində (EOC) birləşmiş 49 ölkədən 19 idman növündə yarışacaq 6000-dən çox atlet iştirak edəcək. Tədbir üçün 65000 yerlik Olimpiya stadionu, Milli Gimnastika Arenası, eləcə də su idmanı və atıcılıq mərkəzləri də daxil olmaqla, yeni müasir idman obyektləri inşa edilir. 9000-dən çox idmançı və rəsmi şəxs Olimpiya stadionuna yaxın yerləşən Atletlər Kəndində yerləşdiriləcək.

Tədbiri keçirmək hüququna malik EOC-un hazırda Avropa Oyunları üzrə icraçı direktoru olan Kleq bu həftə Bakıya gələcək. O, özünün idarəetmə şirkəti "Zeus İnternational Mangement" vasitəsi ilə hazırda yerinə yetirdiyi bütün digər konsultasiya müqavilələrini ləğv edəcək. Kleqin əvvəlki iş təcrübəsinə 12 Yay Olimpiya və Qış Olimpiya Oyunlarında Böyük Britaniyanın Atletlər Komandasına rəhbərlik, Bat şəhərində Avropa Gənclərin Olimpiya Festivalında (BK-da keçirilmiş gənclərin ən böyük çoxnövlü idman yarışı) baş icraçı direktor və Afina 2004 Operativ İşçi Qrupunda IOC tərəfindən təyin edilmiş ekspert vəzifəsi daxildir. Eyni zamanda, Kleq tender üzrə direktor olmazdan öncə 2012-ci il Olimpiya Oyunları ilə bağlı tenderdə iştirak etmək üçün Britaniya hökumətini və London merini inandırmaqdan ötrü siyasi və PR kampaniyalara rəhbərlik etmiş və sonra direktor kimi Olimpiya Oyunlarının London Təşkilat Komitəsinin idarə heyətinə qoşulmuşdur.

Təyinat ilə bağlı rəyini bildirən Azərbaycanın gənclər və idman naziri və BAOƏK-in icraçı direktoru Azad Rəhimov deyib: "Mən şadam ki, Saymon bu təzə vəzifəni tutmağa razılıq vermişdir. Onun təşkilata rəhbərlik etmək üçün lazımi qabiliyyəti və təcrübəsi vardır. Belə ki, biz planlaşdırma mərhələsindən əməliyyatların icrası rejiminə keçirik və açılış mərasiminə yalnız 14 ay qalır. Son doqquz ay ərzində o, Avropa Olimpiya Komitələrini təmsil edərkən biz onunla sıx əməkdaşlıq şəraitində işləməkdən məmnunluq duymuşuq və mən əminəm ki, Avropada ən yaxşı atletlər üçün gözəl bir yarış keçirəcəyik".

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib: "Saymon bizim icraçı direktorumuz olduğu son doqquz ay ərzində ilk Avropa Oyunlarının uğurlu icrasına böyük kömək göstərmişdir. Onun Təşkilat Komitəsinin funksiyalarını dərindən bilməsi və başa düşməsi ilə birləşən rəhbərlik və idarəetmə təcrübəsi Avropa Oyunlarında bu təzə yüksək vəzifə üçün açıq-aşkar seçilməsinə səbəb olmuşdur. Öz qitəmizdən say-seçmə atletlər üçün cəlbedici və innovativ yarışların keçirilə bilməsini təmin etmək məqsədilə biz Saymon ilə birlikdə işləməyi davam etdirəcəyimizə ümid bəsləyirik".

Saymon Kleq deyib: "Əməliyyat Komitəsində bu yeni vəzifəni tutmaq üçün gənclər və idman naziri tərəfindən dəvət olunduğuma görə sevincimin həddi-hüdudu yoxdur. BAOƏK-də çox gözəl kollektiv var və son doqquz ay ərzində mən onların çoxu ilə birlikdə işləmişəm və bilirəm ki, biz birlikdə Azərbaycan xalqının, Avropa Olimpiya ailəsinin və ən əsası da Avropa atletlərinin qürur duya biləcəyi bir yarışı həyata keçirə biləcəyik. Hər hansı ilk yarış fərqli bir şey yaratmaq üçün gözəl imkan verir".

Bakı 2015 gələn il 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitə üçün ilk Avropa Oyunları olacaq.

2015-ci il Bakı Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz xalqlarını təmsil edəcəkləri gözlənilir.

Səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti