...

Gənc velosipedçilərimiz Xorvatiyada yarışıblar (FOTO)

İdman Materials 29 Aprel 2014 17:07 (UTC +04:00)
Xorvatiyada velosiped idmanının şose növü üzrə gənclər arasında ənənəvi “Tour of Istria” yarışı keçirilib.
Gənc velosipedçilərimiz Xorvatiyada yarışıblar (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Xorvatiyada velosiped idmanının şose növü üzrə gənclər arasında ənənəvi "Tour of Istria" yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, üç gün davam edən yarışda Azərbaycanı yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında 5 idmançı təmsil edib.

Yürüşün 114 km-dən ibarət ilk mərhələsində yığma komanda üzvlərimizdən ən yaxşı nəticəyə Elgün Əlizadə imza atıb - o, məsafəni liderlər qrupunda 2 saat, 41 dəqiqə, 59 saniyəyə başa vurub və fotofinişə əsasən 16-cı olub.

İkinci mərhələdə 90 km-lik dağ yollarında mübarizə aparan velosipedçilərimizdən yenidən E.Əlizadə fərqlənməyi bacarıb - o, liderdən 23 saniyə geri qalmaqla 33-cü nəticə göstərib - 2 saat, 34 dəqiqə, 40 saniyə.

Və nəhayət, 112 km məsafəni əhatə edən son mərhələdə E.Əlizadə və Kənan Qəhrəmanlı finişi liderlər qrupunda bitiriblər - 2 saat, 47 dəqiqə, 2 saniyə. Fotofinişə əsasən Elgün 25-ci, Kənan isə 30-cu olub.

3 mərhələnin yekununa əsasən, idmançılarımız arasında ən yüksək nəticəyə E.Əlizadə imza atıb - o, yarışın qalibindən 36 saniyə geri qalmaqla "Tour of Istria"nı 28-ci pillədə bitirib.

Qeyd edək ki, builki yarışda 25 ölkədən 150 velosipedçi mübarizə aparıb. Gənclər arasında təşkil edilən "Istria" turu yeni istedadların üzə çıxması baxımından mütəxəssislər tərəfindən önəmli turnir kimi dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti