...

Beynəlxalq Gimnastika Federasiyası Olimpiya Oyunlarının təsnifat sisteminə dəyişiklik edəcək

İdman Materials 30 Aprel 2014 12:48 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyası (FIG) Olimpiya Oyunlarının təsnifat sisteminə dəyişiklik etməyə hazırlaşır.
Beynəlxalq Gimnastika Federasiyası Olimpiya Oyunlarının təsnifat sisteminə dəyişiklik edəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A.Bədəlova/

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Olimpiya Oyunlarının təsnifat sisteminə dəyişiklik etməyə hazırlaşır. Bunu Bakıda keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresində FIG-in mətbuat katibi Filipp Silaççi bildirib.

Onun sözlərinə görə, gimnastika ilk dəfə 1896-cı ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Rio-de-Janeyroda Olimpiya Oyunlarının keçiriləcəyi 2016-cı ildə idman gimnastikasının 120 yaşı tamam olur.

F.Silaççi bildirib ki, ötən illər gimnastikanın idman növü kimi inkişafı ilə səciyyələnir: "London olimpiadasından sonra [2012-ci il] gimnastika yüngül atletika və üzgüçülüklə yanaşı Olimpiya Oyunlarının proqramında ən populyar idman növü kimi ilk üçlüyə daxil olub".

FIG-in mətbuat katibi qeyd edib ki, idmanın bu növünün inkişafı ilə eyni zamanda bir sıra dəyişikliklərin edilməsi zərurəti də yaranıb. Onun sözlərinə görə, gimnastikanın inkişafı onun Olimpiya hərəkatının yeni tələblərinə uyğunlaşması zərurətini meydana çıxarıb.

F.Silaççi qeyd edib ki, məhz bu məsələlərlə bağlı Beynəlxalq Gimnastika Federasiyası mayın 9-da Küveytdə keçiriləcək Federasiya Şurasının iclasında qərar qəbul edəcək: "Federasiya öz təqvimində və Olimpiya Oyunlarının təsnifat sistemində ciddi dəyişikliklər edəcək".

Onun sözlərinə görə, yeni qaydalar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı tətbiq olunmayacaq, yalnız 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada qüvvəyə minəcək: "Qəbul edilən qərarlar Balların Hesablanması və Texniki Reqlament Beynəlxalq Məcəlləsi (Codes of Points and Technical Regulations) ilə tənzimlənən idman gimnastikası, bədii gimnastika və tramplinə aid qaydalara şamil olunacaq".

Silaççi qeyd edib ki, yeni prosedurların razılaşdırılması və sınaqdan keçirilməsi zaman tələb edir.

FIG-in mətbuat katibi onu da bildirib ki, Afinadakı Olimpiya Oyunlarından sonra Beynəlxalq Gimnastika Federasiyası yarışların yeni qaydalarını, xüsusilə elementlərin çətinlik əmsalını tətbiq etdi. Bundan başqa, idmançılar və hakimlər yarışların nəticələrinə etiraz etmək imkanı əldə etdilər. Habelə hakimlərə mürəkkəb qərarların qəbulunda kömək edən videotəkrarların IRCOS sistemi işə salındı. Federasiyanın qərarı idman cəmiyyətləri tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, 4 ildən sonra Pekində idmançıların yaşı və Olimpiya Oyunlarının təsnifat sistemi ilə bağlı yeni çətinliklər yarandı: "Yaranan çətinliklərlə bağlı Beynəlxalq Gimnastika Federasiyası yenidən mühüm qərar qəbul etdi: gimnastlar üçün lisenziyalar (2009-cu ildə) və yarışların ikinci təsnifat mərhələsi (sınaq yarışları) tətbiq edildi".

Federasiyanın mətbuat katibi qeyd edib ki, 2012-ci il London Olimpiya Oyunlarından sonra Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi FIG rəhbərliyini Olimpiya Oyunlarının bütün təsnifat sisteminə və gimnastika yarışlarının uzunmüddətli təqviminə yenidən baxmağa çağırdı.

Yeni qaydalara gəlincə, Silaççi qeyd edib ki, onların yoxlanması və təkmilləşdirilməsi üçün kifayət qədər vaxt olacaq: "Əvvəl dediyim kimi, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları Londondakı yarışlar kimi köhnə prosedura uyğun, yəni iki təsnifat yarışları ilə keçiriləcək. 2020-ci il Tokioda keçiriləcək Olimpiya Oyunları idmançılara, ictimaiyyətə və kütləvi informasiya vasitələrinə daha obyektiv münasibət üçün vacib olan bu layihənin son hədəfi olacaq".

Qeyd edək ki, iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. 33 ölkə çempionatda iştirak üçün ərizə verib.
Ümumilikdə, Bakıda 258 gimnast 9 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti