...

Azərbaycanda paralimpiya idman növləri 12-yə çatdırılıb (FOTO)

İdman Materials 24 İyul 2014 16:57 (UTC +04:00)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2014-cü ilin 6 ayı ərzində fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Azərbaycanda paralimpiya idman növləri 12-yə çatdırılıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2014-cü ilin 6 ayı ərzində fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, AMPK-nin vitse-prezidenti Şaiq Həmidov çıxış edərək Milli Paralimpiya Komitəsinin 6 ayda gördüyü işlər haqqında məlumat verib. O, qeyd edib ki, Milli Paralimpiya Komitəsi yarandığı 1996-cı ildən 5 Paralimpiya Oyunlarında iştirak edib və bu dövrdə dinamik inkişaf mərhələsi keçib. Qarşıdakı illərdə daha böyük uğurlara nail olmaq üçün 8 fevral 2013-cü ildə keçirilmiş Paralimpiya Komitəsinin konqresində Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üzrə (2013-2016-cı illər) "Strateji Fəaliyyət Planı" təsdiq edilib. Planda 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, təşkilati idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi öz əksini tapıb.

2013-cü il və cari ilin birinci yarısında planda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Belə ki, respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə əhali arasında paralimpiya dəyərləri geniş tətbiq edilərək bir sıra tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsi olaraq paralimpiya idman növləri 7 dən 12-yə çatdırılıb, gənclər arasında paralimpiya idmanına maraq artaraq idmançıların sayı xeyli çoxalıb. Artıq yeni yaranan adaptiv avarçekmə, əlil arabasında qılıncoynatma, stolüstü tennis, kanoe, bossia idman növləri üzrə komandalar formalaşaraq bir sıra beynəlxalq yarışlarda iştirak ediblər.

Ümumilikdə idmançılarımız 2014-cü ilin 6 ayı ərzində müxtəlif idman növləri üzrə 12 beynəlxalq yarışda iştirak edərək 7 medal qazanıblar. Bundan əlavə, komanda yarışlarında 1-ci, 2-ci və 3-cü yerlərə sahib olublar.

Əgər 2013-cü il və cari ilin 6 ayı idmançılar üçün bir növ istirahət xarakterli yarışların, təlim məşq toplanışlarının və müxtəlif kateqoriyalı turnirlərin təşkili kimi xarakterikdirsə, 2014-cü ilin ikinci yarısı və 2015-ci il tamamilə ciddi problemlərin həlli zamanıdır. Yəni bu dövr idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına düşməsi üçün lisenziyaların qazanılması ilə səciyyələnir.

Ş.Həmidov qeyd edib ki, bu oyunlarda daha çox idmançı ilə təmsil olmaq üçün lisenziyaların çox olmasına çalışırıq: "Cari ilin sentyabr ayında cüdo üzrə milli komandamız ABŞ-da keçiriləcək dünya çempionatında iştirakıdır. Bu yarışa ciddi hazırlaşan komanda 15 nəfərdən ibarət idmançı heyəti ilə bütün çəki dərəcələrində təmsil olunacaq.

Eyni zamanda, Bakıda keçiriləcək birinci Baku-2015 Avropa Oyunlarında paralimpiya idman növlərində cüdo üzrə 2 çəki dərəcəsində hər ölkədən 1 qadın və 1 kişi idmançının iştirakı nəzərdə tutulur.

Milli Paralimpiya Komitəsi fiziki məhdudiyyətli insanlar arasında idmanın kütləviliyinin artırılması məqsədi ilə qeyri-paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirir. Artıq əlil arabasında idman rəqsi, boulinq idman növləri yaradılıb. 2014-cü ildə qarşıya qoyulmuş əsas məqsədlərdən biri də milli komandaların maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır.

Milli Paralimpiya Komitəsinin şöbə müdiri, Uşaq Paralimpiya Komitəsinin İdarə heyəti sədrinin müavini - icraçı direktor Kamal Məmmədov çıxış edərək bildirib ki, 2013-cü ilin avqust ayında dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK-nin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların hazırlanmasıdır. Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına geniş şərait yaradacaq.

UPK-nın hüquqi bazasının yaradılması, beynəlxalq standartların hazırlanması, sağlamlıq imkanları məhdud uşağların tibbi təsnifatı sisteminin qurulması sahəsində UNICEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspert 6 ay ərzində 3 dəfə Bakıda səfərdə olub və AMPK-nın mütəxəssisləri, UPK-nın İdarə heyətinin üzvləri, məşqçilər və idman sahəsində fəaliyyət göstərən QHT rəhbərləri ilə görüşüb və təlimlər keçib. Bu təlimlərin davamı olaraq, 2014-cü ilin sentyabr ayında UNICEF-in dəstəyi ilə 10 nəfərdən ibarət UPK-nın nümayəndə heyətinin Londona təlim səfəri gözlənilir.

Artıq UPK-da 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerliftinq və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq professional idmana cəlb olunub. Stolüstü tennis idman növü ilə məşğul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur. Ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov UPK tərəfindən üzgüçülük idman növünə cəlb olunub və yaxın günlərdə ilk məşqlərinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti