...

"Bakı 2015" Avropa Oyunları 1000-ci əməkdaşını işə götürdü (FOTO)

İdman Materials 31 Oktyabr 2014 16:05 (UTC +04:00)
Bu gün "Bakı 2015" Avropa Oyunları ştata daxil edilən 1000-ci əməkdaşının işə götürülməsini qeyd edib.
"Bakı 2015" Avropa Oyunları 1000-ci əməkdaşını işə götürdü (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bu gün "Bakı 2015" Avropa Oyunları ştata daxil edilən 1000-ci əməkdaşının işə götürülməsini qeyd edib.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, azərbaycanlı xanım Aysel Axundova yadda qalan işçi olacaq, çünki o, Oyunlar Akademiyasının Məzun Proqramının üzvü kimi Mətbuat Əməliyyatları komandasına qoşulub.

"Bakı 2015" Avropa Oyunlarının baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib: "Bu, Bakı 2015 komandasının davamlı artımında əlamətdar mərhələdir və mən birinci Avropa Oyunlarına doğru gedən yola qoşulduğu üçün Ayseli salamlamaq istərdim. Böyük bir komandanın qurulması üçün yüksək səviyyəli təcrübəyə malik beynəlxalq işçi heyətimiz və mükəmməl yerli biliklərə sahib azərbaycanlı əməkdaşlar bir araya gəlib. Mən əminəm ki, bütün komandamızın malik olduğu bilik və təcrübə bütün Azərbaycanın və Avropanın fəxr edəcəyi möhtəşəm yarışların keçirilməsini təmin edəcək".

Bu yaxınlarda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olmuş xanım A.Axundova Azərbaycanda daha öncə keçirilmiş əsas yarışlarda, o cümlədən, FİFA U-17 Qadınlararası Dünya Çempionatında və 2012-ci il Avroviziya Mahnı Müsabiqəsində iş təcrübəsinə malikdir.

21 yaşlı A.Axundova deyib: "Mən Bakı 2015 komandasına qoşulduğum üçün fəxr edirəm və birinci Avropa Oyunları istiqamətində gedən işlərə öz töhfəmi verməyi səbirsizliklə gözləyirəm. Özüm üçün və bütün komandamız üçün bu cür tarixi idman yarışında rol almaq gözəl imkandır və mən Bakı 2015 Avropa Oyunlarının reallaşmasına köməklik göstərəcəyimə ümid edirəm".

Hazırda "Bakı 2015" komandasında Azərbaycan da daxil olmaqla, dünyanın 43 ölkəsindən olan işçilər 18 şöbədə çalışırlar.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı 2015 komandasının üzvlərinin sayı hər həftə artmaqda davam edir və mən yüksək səviyyəli peşəkarlardan ibarət belə bir keyfiyyətli komanda topladığımız üçün çox məmnunam. Xarici və yerli işçilərin vəhdəti Avropanın istedadlı idmançıları üçün mümkün olan ən yaxşı yarışları keçirməkdə dinamik və əyləncəli mühit yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti