...

"Neftçi"nin baş məşqçisi: "İstefa qərarımın üstündə durmadığıma görə peşmanam"

İdman Materials 8 Noyabr 2015 20:55 (UTC +04:00)
“İstefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var”
"Neftçi"nin baş məşqçisi: "İstefa qərarımın üstündə durmadığıma görə peşmanam"

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"İstefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var". Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev Premyer Liqanın XII turunda "Rəvan"la qarşılaşmadan sonra deyib.

O, qeyd edib ki, adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir: "Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz "Rəvan"dan heç də zəif deyil. "Rəvan" udulası rəqib idi, sadəcə rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq".

"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdiklərini deyib: "Neftçi"ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil".

Qeyd edək ki, "Rəvan" səfərdə "Neftçi"ni 3-2 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb.

Xəbər lenti

Xəbər lenti