...

FIG nümayəndəsi: Azərbaycan idman gimnastikasında böyük gücə çevriləcək

İdman Materials 17 Fevral 2016 17:43 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi üçün yaradılmış şərait dünyada ən yaxşılardan biridir.
FIG nümayəndəsi: Azərbaycan idman gimnastikasında böyük gücə çevriləcək

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi üçün yaradılmış şərait dünyada ən yaxşılardan biridir. Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Kişi İdman Gimnastikası üzrə Texniki Komitəsinin üzvü Holqer Albrext deyib.

O bildirib: "İlk dəfədir Bakıdayam və burada olmağımdan çox şadam. Mən müxtəlif ölkələrdə Dünya Kubokunun bir çox mərhələlərində olmuşam, lakin Bakıdakı şərait ən yaxşılardan biridir. Arena yarışlar üçün rahat məkanda yerləşib, idmançılar və hakimlər üçün əla şərait yaradılıb. Əminəm ki, yarışlar çox gözəl keçəcək".

H.Albrextin sözlərinə görə, Beynəlxalq Gimnastika Federasiyası bir neçə səbəbə görə 2016-cı il Dünya Kubokunun ilk mərhələsini Bakıda keçirmək qərarına gəlib: "Birincisi, ötən il Bakı ölkə üçün artıq böyük sınaq olmuş I Avropa Oyunlarını qəbul etdi və ideal təşkil etdi. Dünya gimnastikasından aldığımız bütün rəylər müsbət idi və dünyada bir çox insanlar bilir ki, Azərbaycan böyük yarışlar üçün zəruri olan ideal şərait yaradır. Hesab edirəm ki, gələcəkdə Bakı FIG-in təqvimində əhəmiyyətli yer tutacaq. Gələcəkdə burada dünya və Avropa çempionatlarının keçirilməsi imkanını istisna etmirəm, bu mümkündür, çünki bütün şərait ən yüksək standartlara cavab verir".

O, qeyd edib ki, Bakıda yarışlar üçün böyük zalı olan və zəruri şərt sayılan xeyli sayda tamaşaçı tutumuna malik əla Milli Gimnastika Arenası mövcuddur: "Bundan başqa, zalda bütün alətləri yerləşdirmək mümkündür ki, bu da gimnastikanın bütün növləri üzrə eyni vaxtda yarışmağa imkan verir. Üstəlik, ölkənin iri yarışların təşkilində böyük təcrübəsi var və Dünya Kubokunun startına iki gün qalmış hər şeyin necə yaxşı təşkil edildiyi hiss olunur. Gələcək tsikldə Dünya Kubokunun bəzi mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq, onların keçirilməsi üçün isə xüsusi şərait lazımdır ki, Bakı da buna malikdir. Və şəhərin növbəti olimpiadaya lisenziya verəcək Dünya Kubokunu keçirmək üçün bütün şansları var".

H.Albrext diqqətə çatdırıb ki, Azərbaycanda gimnastikanın, eləcə də idmanın inkişaf səviyyəsi ümumilikdə çox yüksəkdir: "Ölkədə inkişaf üçün əla şərait yaradılıb, insanlar həyatlarının bir hissəsi olmalı olan idmanı dəstəkləyirlər. Əminəm ki, Azərbaycan gələcəkdə idman gimnastikasında böyük gücə çevrilə biləcək. Bunun üçün burada hər cür şərait var, lakin bu, uzun yoldur. Uşaqlarla və gənclərlə çox işləmək lazımdır və Azərbaycanın gələcəkdə çox yüksək şansları var".

Qeyd edək ki, fevralın 19-21-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti