...

Formula 1 yarışı üçün könüllülərin qəbulu aparılır

İdman Materials 30 Noyabr 2016 12:05 (UTC +04:00)
2017-ci ildə Bakıda ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb.
Formula 1 yarışı üçün könüllülərin qəbulu aparılır

Bakı. Trend:

2017-ci ildə Bakıda ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, könüllülər işçi qüvvəsi, məkan, hava limanı, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.
Proqrama qoşulan könüllülər fəaliyyət göstərdiyi müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, dil biliklərini gücləndirəcək və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar. Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login
Könüllülük fəaliyyəti haqda ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/haqqimizda/konullulr

BŞH tərkibində akademiya yaradılıb

Könüllülər Proqramının icrası məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində akademiya fəaliyyət göstərəcək. Akademiyanın və eyni zamanda əməliyyat şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova yeni yaradılmış akademiyanın könüllülərin fərdi inkişafında böyük xidməti olacağını bildirib: “BŞH Akademiyası Azərbaycan gənclərinin inkişafını əsas məqsəd kimi qarşıya qoymaqla bu istiqamətdə mühüm rol oynayacaqdır. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı xarici dil üzrə danışıq klubları təşkil olunacaq.”

Akademiyada könüllülərlə yanaşı işçilər də problemlərin asan yolla həll olunması, vaxtın düzgün idarə edilməsi, kommunikasiya və digər istiqamətlər üzrə nəzəri və praktiki biliklərini daha da genişləndirəcəklər. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri [email protected] elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 370 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusunu təsdiq etdi. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti