...

Sloveniyalı gimnastlar Bakıda yaxşı nəticələrə ümid edir

İdman Materials 14 Mart 2017 13:54 (UTC +04:00)
6-19 mart tarixlərində Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək.
Sloveniyalı gimnastlar Bakıda yaxşı nəticələrə ümid edir

Bakı. Ənvər Məmmədov - Trend:

Sloveniyalı gimnastlar Bakıda yaxşı nəticələrə ümid edirlər.

Bunu Trend-ə idman gimnastikası üzrə Sloveniyanın kişilərdən ibarət milli komandasının məşqçisi Sebastyan Piletiç deyib.

O, buraya dörd gənc idmançının gətirildiyini deyib: “Onlardan biri – Saşo Bertontsel Avropa oyunlarında atla hərəkətlərdə qızıl medal qazanıb. Ondan başqa da yaxşı idmançılarımız var, ümid edirik ki, onlar ən azı finala çıxacaq”.

Onun sözlərinə görə, sloveniyalı gimnastlar Bakıya birinci dəfə deyil ki, gəlir və onlar zalda yaradılmış şərtlərdən çox məmnundur.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti