...

İslamiadanın su səyahətinin növbəti ünvanı Ağcabədi olub (FOTO)

İdman Materials 15 Aprel 2017 15:43 (UTC +04:00)
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı bu gün Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı - Ağcabədi olub.
İslamiadanın su səyahətinin növbəti ünvanı Ağcabədi olub (FOTO)

Bakı. Trend:

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı bu gün Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı - Ağcabədi olub.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, su səyahətinə Ağcabədi rayonunda Ağgöl Milli Parkından start verilib. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Göl UNECCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli məkan kimi qorunur.

Karate üzrə 2-ci dan qara kəmər sahibi, Azərbaycanın əməkdar məşqçisi Eldəniz Qəmbərov, karate üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı Adəm Məmmədov və Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Fatimə Şirinova Ağgöl Milli Parkında “Bakı-2017”in misdən hazırlanmış səhəngini su ilə doldurub şəhərdəki Heydər Əliyev Meydanında keçiriləcək “Su festivalı”na yola düşüblər.

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin idman zalında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında axşam saatlarında “Su festivalı” keçiriləcək, konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti