...

Ağır atletlərimiz beynəlxalq turnirdə 6 medal qazanıb

İdman Materials 23 İyul 2018 15:45 (UTC +04:00)
22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Ağır atletlərimiz beynəlxalq turnirdə 6 medal qazanıb

Bakı. Trend:

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Trend-in məlumatına görə, bu gün Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kq nəticə göstərib və bu hərəkətdə 2-ci yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində 110 kq-ın öhdəsindən gəlib. O, bu hərəkətdə də 2-ci olaraq gümüş medala sahib çıxıb. Həsənov toplam 202 kq (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.

Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırma hərəkətində 98 kq nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kq nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. Məmmədov toplam 212 kq (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq Avropanın zirvəsinə yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti