...

Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

İdman Materials 23 Oktyabr 2018 09:35 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb.
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparıblar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Həsənov (79 kq) çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı dörddəbir finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib.

İdmançımız oktyabrın 22-də amerikalı Kayl Duqlas Deyklə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, C.Həsənov dünya çempionatında gümüş medala sahib çıxıb.

Cəbrayıl Həsənov yarışla bağlı təəssüratlarını açıqlayıb. Mundiala hazır formada gəldiyini söyləyən sərbəst güləşçimiz çempionluq üçün nəsə çatmadığını söyləyib: "Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti