Bakı. Trend:
Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk hissədəki nəticə bizim üçün yaxşı deyildi.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Almaniyanın "Bayer" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, cavab matçında eyni səhvlərini təkrarlamamağa çalışacaqlar: "İkinci hissədə üstünlüyü ələ alaraq, matçı heç-heçə bitirdik. Evdə sərfəli nəticə üçün hər şey edəcəyik".
- “Qarabağ” sizi təəccübləndirdimi?
- Bizi çətin rəqibin gözlədiyini bilirdik. Bu gün Bakıda güclü “Qarabağ” gördük. Gələn həftə nə olacağını bilmirəm.
- Qurban Qurbanovla Xabi Alonsonun dostluğu matça nə dərəcədə təsir etdi?
- Heç bir təsir göstərmədi. Biz çalışdıq ki, futbolçuları bu oyuna hazırlayaq. Təsiri biz yox, oyunçular matçda göstərdi.
- “Qarabağ”adək 34 matç məğlub olmamışdız. Bu gün uduzsaydız, çox üzüləcəkdiniz?
- Açığını deyim ki, mən buna çox fokuslanmıram. Mənim üçün əsas komandamın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu, abu-havanın qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayanı düzəltdik. Bu, futboldur, hər şey ola bilər.
- “Qarabağ”ın ikinci hissədə bəxtinin gətirmədiyini demək olar? Azərbaycan çempionu bir neçə epizodu da qaçırdı...
- Sizlə razıyam. Oyunun 90 dəqiqə olduğunu nəzərə alsaq, bizim də ikinci hissədə şansımız gətirdi. Hesabı 2:2 etdik. Rəqibin isə ikinci yarıda bəxti gətirmədi. Əgər fürsətdən istifadə edə bilsəydilər, qalib gələcəkdilər. Cavab matçında şanslar isə 50/50-dir.
- Alonsonun “Qarabağ”la oyundan sonra Azərbaycan futbolu barədə hansı fikirləri dəyişib?
- Azərbaycan futbolu dedikdə, ağlıma birinci “Qarabağ” gəlir. Bu komanda uzun illərdir Avropda oynayır, ölkə çempionatının qalibi olur. Çempionlar Liqasında “Atletiko” ilə oyunlarını xatırlayıram. Bütün bunları nəzərə alsaq, “Qarabağ” keyfiyyətli komandadır. Burada da Qurban Qurbanovun əziyyəti görünür.
- Əsas heyət futbolçularınızı ikinci hissədə oyuna buraxdınız. Bunun səbəbi oyunçularınızın yorğun olması idi, yoxsa özünüzə arxayınlığınızdan irəli gəlirdi?
- Mən komandamdakı bütün oyunçularıma inanıram. Bu günki heyətin də “Qarabağ”a qalib gələ biləyini düşünürdüm. Hər məşqçi üçün ehtiyat oyunçular vacibdir. İkinci hissədə meydana çıxanlar da oyunun taleyini dəyişdilər.
- Bu “Bayer”in ən zəif keçirdiyi birinci hissəsi idi. Fasilədə oyunçularınıza nə dediz?
- Deməzdim ki, ən zəif birinci hissəmiz idi. Hər şey istədiyim kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydan çıxan futbolçularım ikinci hissədə oyunun gedişatını dəyişib, iki qol vurdular.
- ”Qarabağ”la artıq 3 matç keçirmisiz. Komandamızın hansı oyunçuları Bundesliqada və ya top liqalarda oynamaq gücündədir?
- Bəli, çox yaxşı, keyfiyyətli oyunçularınız var. Bəziləri Bundesliqada oynaya bilər. “Qarabağ” da Bundesliqada oynaya bilər. Amma futbolçu adı çəkə bilmərəm.
- “Qarabağ”la oyunda “Bayer” çox qol epizodu yaratmadı. Niyə son matçlarda bu alınmır?
- Bunu analiz edəcəm. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Problem ötürmələrdə idi. Onları da düzəltməyə çalışacağıq.
Qeyd edək ki, "Bayer" - "Qarabağ" cavab matçı martın 14-də baş tutacaq.