Bakı. Trend:
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkə daxilində avarçəkmə idman növünü populyarlaşdırmaqla yanaşı, beynəlxalq və xarici federasiyalarla da əlaqələri möhkəmləndirir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunun nəticəsində bir çox yığma komanda qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.
Belarus və Qazaxıstanın əsas yığma komandaları təlim-məşq prosesini burada davam etdirir. Qazaxıstan yığmasının üzvləri 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu olmuş Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə təlim-məşqdədir. Məşqləri Mingəçevirdə davam etdirən Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva da “Kür”də yaradılan şəraitdən məmnun qaldığını bildirib.
Qeyd edək ki, iqlim şəraitinə görə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici komandaların avarçəkmə məşqlərini Kürdə keçməsinə uyğun şərait yaradır.