Paris. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Trend xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.
Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Paris-2024 avqustun 11-də başa çatacaq.
xxx
15:23
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.
Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb.
Yunan-Roma güləşi
77 kq
Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov
yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan)
güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq,
xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0. Süleymanov 1/4
finalda macarıstanlı Zoltan Levai ilə qüvvəsini sınayıb. Sənan bu
dueli də aktivinə yazıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da,
güləşçimiz sonuncu xal prinsipinə əsasən adını yarımfinala
yazdırıb.
Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.
xxx
14:28
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Trend xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməni əsilli rəqibi Ayk Mnatsakanyanla qarşılaşıb.
Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.