Bakı. Trend:
Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropa çempionatı yekunlaşıb.
Trend xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisi uğurlu çıxışla daha üç medal qazanıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) isə bürünc medal əldə edib.
Bir gün öncə İslam Rəhimov (66 kq) qızıl medal qazanaraq Azərbaycan cüdo tarixində bu çəki dərəcəsində ilk dəfə U-23 Avropa çempionu olmuşdu.
Beləliklə, Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 4 mükafatla həm ümumi, həm də kişi komandaları arasında birinci yeri tutub. Yarışda yalnız kişi idmançılarla təmsil olunmasına baxmayaraq, yığmamız 37 ölkə arasında liderliyi ələ keçirib.
