...

Azərbaycan 22-ci Daşkənd Beynəlxalq Turizm Yarmarkasında təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 10 Oktyabr 2016 13:06 (UTC +04:00)
Daşkəndin Mərkəzi Sərgi Sarayında 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2016) rəsmi açılışı olub.
Azərbaycan 22-ci Daşkənd Beynəlxalq Turizm Yarmarkasında təmsil olunub  (FOTO)

Bakı. Trend:

Daşkəndin Mərkəzi Sərgi Sarayında 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2016) rəsmi açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir. Ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edir.

Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi danışıb, ölkənin regionlarında yeni-yeni turizm istirahət mərkəzlərinin istifadəyə verildiyini qeyd edib. O, 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının rəsmi partnyoru olan Tailand dövlətinə öz təşəkkürünü bildirib. Sərginin rəmzi açılış lenti kəsilib, bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri çıxış ediblər.

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizi Beynəlxalq Turizm yarmarkasında təmsil ediblər. Azərbaycanın Mədəniyyət Mərkəzinin təşkil etdiyi stenddə ölkəmizin turizm resursları, turizm mərkəzləri, marşrutları, hotellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, suvenirlər nümayiş etdirilib, qonaqlar milli şirniyyatlarımıza qonaq ediliblər.

Sərgi-Yarmarkada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər, buklet və broşurlar paylanılıb, "Чудесный Наталан" videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib. Bu ilki yarmarkada Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi turistlər üçün Azərbaycanın Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turlarını turistlərə təqdim edib.

Qeyd edək ki, turlar Bakı şəhərindən bir sıra otellərin, habelə Naftalandakı “Chinar Hotel SPA Naftalan" birgə layihəsi ilə həyata keçiriləcək. 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Özbəkistan və onun regionları ilə yanaşı, Tailand, Azərbaycan, Malayziya, Türkiyə, Hindistan, Çin, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim edirlər. Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib. Mədəniyyət Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslər ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti