...

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ötən il 183 milyon KVt/saat elektrik enerjisi istehsal edib (FOTO)

İqtisadiyyat Materials 19 Oktyabr 2016 15:47 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) seminarların keçirilməsini davam etdirir.
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ötən il 183 milyon KVt/saat elektrik enerjisi istehsal edib   (FOTO)

Bakı. Trend:

“Təmiz Şəhər” ASC Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) seminarların keçirilməsini davam etdirir.

Qurumdan Trend-ə verilən məlumata görə,18 oktyabrda “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev Universitetin “Təmiz Şəhər Mərkəzi”ndə “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi” mövzusunda mühazirə deyib.

Səhmdar Cəmiyyətin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verərək, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində standartlara tam cavab verir. Yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutular və ətraf mühiti çirkləndirmir. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün istifadə olunur. Qeyd edilib ki, bu zavod il ərzində 500 min ton tullantını yandırmaq gücünə malikdir. Burada tullantılar yandırılaraq, həcmi 10 dəfə azaldılır və elektrik enerjisi hasil olunur. Belə ki, bərk məişət tullantılarının yanması nəticəsində xüsusi çəndəki su qaynayır, yüksək təzyiqli buxarın təsiri altında turbinlər işə düşür və nəticədə elektrik enerjisi hasil olunur.

Tələbələrə məlumat verilib ki, ötən il ərzində zavod 183 milyon KVt/saat elektrik enerjisi istehsal edib. Zavodun elektrik enerjisinə tələbatı tam ödənildikdən sonra qalan 155 milyon KVt/saat enerji əhalinin istifadəsinə verilib. Bu isə 300 min əhalisi olan şəhəri tam olaraq elektrik enerjisi ilə təmin etmək deməkdir.

Qeyd edək ki, AzMİU və “Təmiz Şəhər” ASC arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, universitetdə birgə elmi-texniki baza yaradılıb, nəzəri və praktiki bilik və təcrübələr mübadiləsi həyata keçirilir. “Təmiz Şəhər” ASC bakalavrların istehsalat təcrübəsinə, magistrların elmi-tədqiqat işlərinin təşkilinə şərait yaradır.

Ümumilikdə, “Təmiz Şəhər” ASC maarifləndirmə tədbirləri çərçivəsində ölkədəki müxtəlif təhsil ocaqları ilə əməkdaşlıq edir. Səhmdar Cəmiyyət bununla şagird və tələbələrin tullantıya baxışını formalaşdırmağa, uyğun ixtisas tələbələrinin isə bu sahədə peşəkar yetişməsinə dəstək olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti