...

Azərbaycan-Qətər birgə investisiya fondunun yaradılması müzakirə edilib

İqtisadiyyat Materials 13 Yanvar 2017 16:21 (UTC +04:00)
İqtisadiyyat naziri Qətərin Azərbaycandakı səfiri ilə görüşüb.
Azərbaycan-Qətər birgə investisiya fondunun yaradılması müzakirə edilib

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir. Azərbaycanın islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və islam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edən Ş.Mustafayev Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.

Ş.Mustafayev Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. Ölkələrimiz arasında birbaşa hava uçuşlarının mövcud olması, “ASAN viza”nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verlilib və Qətər şirkətləri fəal əməkdaşlığa dəvət edilib. Qeyd edilib ki, digər sahələrlə yanaşı, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər.

Yusif bin Həsən əl-Sai qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qətər iş adamlarının Azərbaycana maraq göstərdiyini qeyd edən səfir Yusif bin Həsən əl-Sai əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirib, İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.

Görüşdə həmçinin, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya fondunun yaradılmasına dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti