...

ƏƏSMN ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında Niyyət Məktubu imzalanıb

İqtisadiyyat Materials 24 Yanvar 2017 16:11 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında məşğulluq və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Niyyət Məktubu imzalanıb
ƏƏSMN ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında Niyyət Məktubu imzalanıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında məşğulluq və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Niyyət Məktubu imzalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sənəd ƏƏSMN-nin nümayəndə heyətinin Avstriyaya səfəri çərçivəsində imzalanıb.

Niyyət Məktubu Avstriyanın əmək, sosial iş və istehlakçıların müdafiəsi üzrə nazirliyi və Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, ƏƏSMN ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında əlaqələrin qurulması və genişləndirilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən imzalanıb.

Niyyət məktubunu nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və Avropa Rifah Siyasəti və Araşdırma Mərkəzinin icraçı direktoru Kay Leyksenrinq imzalayıblar.

Niyyət Məktubunda məşğulluq və sosial siyasət sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcəkdə bu sahələr üzrə birgə layihələrin icrası, habelə strateji sənədlərin hazırlanmasına və qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə dəstəyin göstərilməsi əksini tapır. Sənəddə həmçinin Mərkəz tərəfindən təşkil olunan seminarlarda nazirlik əməkdaşlarının iştirakı, onların aidiyyəti sahələr üzrə biliklərinin artırılması və s. kimi əməkdaşlıq formaları əhatə olunub. Niyyət Məktubu əsasında ƏƏSMN və Avropa Rifah Siyasəti və Araşdırma Mərkəzi arasında əməkdaşlığın digər formaları birgə müəyyənləşdiriləcək və gələcəkdə həyata keçiriləcək. Bu məqsədlə Nazirlik və Avropa Mərkəzi arasında daimi əlaqələr və davamlı koordinasiya olacaq.

Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi Avropada sosial rifah sahəsində əməkdaşlığı təşviq edən bir qurumdur. Mərkəz sosial rifah, sosial müdafiə, əmək bazarı, sosial xidmətlər, yoxsulluğun azaldılması, demoqrafiya və bir sıra digər sahələr üzrə BMT və müvafiq dövlətlərlə əməkdaşlıq həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti