...

“Balakən” gəmi-bərəsi təmirdən sonra yenidən açıq dənizə qaytarılacaq (FOTO)

İqtisadiyyat Materials 24 Aprel 2017 16:07 (UTC +04:00)
"Balakən" gəmi-bərəsinin sorağı yenə Xəzərin hər iki sahilindən gələcək
“Balakən” gəmi-bərəsi təmirdən sonra yenidən açıq dənizə qaytarılacaq (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Balakən” gəmi-bərəsi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb.

Qurumdan Trend-ə verilən məlumata görə, hazırda tərsanədə olan gəmi-bərənin təmir işləri “Zığ” Gəmi Təmiri Zavodunun mütəxəssisləri ilə birgə aparılır.

Artıq xeyli iş görülüb. Belə ki, gəminin matavozları təmir olunub, təkərləri dəyişdirilib, sualtı gövdə hissəsinin təmizlənməsi və rənglənməsi başa çatdırılıb. Hazırda gəminin avar valının təmirinə başlanılıb. Onun sükan qurğusuna da baxış keçiriləcək.

Təmir işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulan gəmi-bərə müvafiq yoxlanışdan uğurla keçdikdən sonra yenidən açıq dənizə qaytarılacaq.

Xorvatiyanın Ulyanik tərsanəsində inşa edilən "Balakən" gəmi-bərəsi 2012-ci ildə istismara verilib. Uzunluğu 155, eni 18 metr olan gəmi-bərə hər səfərdə göyərtəsində 54 vaqon götürə bilir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti