Bakı. Trend:
Özəl mənzil fondunun idarə olunmasında vətəndaşların fəallığı artıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Nizami rayonları üzrə daha 5 yeni mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bununla da, qeydiyyatdan keçmiş MMMC-lərin sayı 43-ə çatıb.
Nazirlik tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. Belə ki, mütəmadi olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.
.
,