...

300-dən artıq yeni müəssisə özəlləşdirməyə açıq elan edilib (FOTO)

İqtisadiyyat Materials 7 İyul 2017 18:28 (UTC +04:00)
300-dən artıq yeni müəssisə özəlləşdirməyə açıq elan edilib.
300-dən artıq yeni müəssisə özəlləşdirməyə açıq elan edilib (FOTO)

Bakı. Trend:

300-dən artıq yeni müəssisə özəlləşdirməyə açıq elan edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə bu gün “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda keçirilən regional forumda bildirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib ki, ölkənin iqtisadi gücünün artırılması məqsədilə müxtəlif sahələrdə mühüm islahatlar həyata keçirilir.

Qeyd edilib ki, Komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan əməkdaşlıq memorandumu da bu sahədə yeni layihələrin, ideyaların, startapların tətbiqinə imkan verəcək.

Bildirilib ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib.

Həmçinin qeyd olunub ki, ölkə başçısının 19 iyul 2016-cı il tarixli fərmanına əsasən orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrin siyahısı təsdiq edilib. Onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açıq elan olunub.

Bundan başqa, müvafiq siyahıda adı çəkilməyən 300-dən artıq yeni müəssisələr də özəlləşdirməyə açıq elan edilib. Hazırda Komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə çıxarılması istiqamətində işlər görülür, yaxın aylarda onların özəlləşdirilməsi barədə elan veriləcək.

Diqqətə çatdırılıb ki, hazırki mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə özəlləşdirməyə yönləndirilir. Yeni yanaşmalara uyğun olaraq 40-a yaxın hərrac keçirilib. 1110-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Özəlləşdirmə portalı vasitəsilə həmin əmlaklar barəsində məlumatlar təqdim olunur. Artıq portaldan istifadə edənlərin sayı 700 mini örtüb.

Bildirilib ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr, əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək. Bu zaman isə potensial alıcılardan İnvestisiya proqramının icra olunması tələb olunacaq.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev forumda bildirib ki, son dövrlər ölkədə eləcə də Gəncə şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edilib ki, investorların cəlb edilməsi, bu sahənin daha da inkişafı üçün Gəncədə geniş imkanlar mövcuddur.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bütün bölgələrdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb. Bildirib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb. Açıq və şəffaf keçirilən hərraclar investorların özəlləşdirilməyə çıxarılan əmlaklara əlçatanlığını artırıb. Sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa dəvət edib.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda təqdimatla çıxış edilib. Təqdimat özəlləşdirmə prosesində tətbiq olunan yeni innovtiv üsullara, hərrac və müsabiqələrdə iştirak qaydalarına, özəlləşdirməyə çıxarılacaq müəssisələrə həsr olunub. Qeyd edilib ki, investorların özəlləşdirmə prosesində iştirakının artırılması ilə əlaqədar Komitə tərəfindən açıq və şəffaf hərraclar keçirilir.

Təqdimatda Gəncə-Qazax və Aran iqtisadi rayonlarında özəlləşdirilməsi nəzərdə tutulan 50-ə yaxın müəssisələrin iqtisadi, texniki və digər göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, bunlardan 18-i Gəncədə, 7-si Yevlaxda, 6-sı Mingəçevirdə, 5-i Şəmkirdə qalanları isə regionun digər bölgələrində yerləşir. Bu müəssisələr sənaye, kənd təsərrüfatı, xidmət və digər iqtisadi sahələrə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti