Bakı. Trend:
"Caspian European Club" və "Caspian American Club" sentyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə "Caspian Energy Transport Forum" və "Caspian Energy ICT Forum" keçirəcək.
Trend-in məlumatına görə, bunu "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.
Onun sözlərinə görə, forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir.
T.Əliyev forumun birinci hissəsinin nəqliyyat sektoruna, ikinci hissəsinin isə İKT sahəsinə həsr olunacağını deyib.
O deyib ki, forum "Caspian European Club" və "Caspian American Club"un üzvlərinin çoxsaylı xahişləri əsasında baş tutacaq. Bundan əlavə, tədbirdə iştirak etməyi planlaşdıran xarici şirkət nümayəndələri də foruma böyük maraq göstərirlər.
T.Əliyev forumun təşkilinin əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırıldığını və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusi nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunduğunu vurğulayıb.
"Caspian Energy Transport Forum"un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, Azərbaycan Dəmir yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
"Caspian Energy İCT Forum" çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkənin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.