...

Yasamal Yaşayış Kompleksinin ilk yaşayış binası 2018-ci ilin yayında təhvil veriləcək

İqtisadiyyat Materials 13 İyul 2017 17:07 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilib.
Yasamal Yaşayış Kompleksinin ilk yaşayış binası 2018-ci ilin yayında təhvil veriləcək

Bakı. Trend:

Bu ilin ilk 6 ayı ərzində ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə MİDA-nın 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, Kompleksin 24.12.2016-cı il tarixində təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir.

Bildirilib ki, hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksinin hazırda 25-nin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəflərə uyğun olaraq özəl tikinti-investisiya şirkətləri ilə əməkdaşlığa başlayıb.

Belə ki, ötən müddət ərzində Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti