...

Səfir: Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

İqtisadiyyat Materials 19 İyul 2017 17:28 (UTC +04:00)
İqtisadiyyat naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.
Səfir: Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, səlahiyyət müddəti başa çatan səfir M.Mardın ölkəmizdə səmərəli fəaliyyətini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan Prezidenti 2017-ci ilin əvvəlində Aİ-yə səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib. Hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər.

Nazir Ş.Mustafayev ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd edilib və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri müzakirə edilib. Azərbaycanda şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edildiyini qeyd edən Ş.Mustafayev bunun şərab məhsullarının, xarici ölkələrə, o cümlədən Aİ ölkələrinə ixracının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Səfir M.Mardın fəaliyyəti dövründə Azərbaycan və Aİ arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdrimə sazişləri imzalanıb. Görüşdə Aİ və üzv ölkələrlə müxtəlif tədbirlərin keçiridiyi, Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumlarının iş adamları arasındakı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə məlumat verib, ölkəmizin Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

M.Mard Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti